Xəzər Universitetinin Mərmər salonunda “Elm şənliyi” layihəsinin son tədbir mərhələsi işinə başladı. Tədbir Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun, Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin, AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun, Xəzər Universitetinin, Baku New Hotel-in və Azərbaycan Arxeoloqlar Cəmiyyətinin dəstəyi və adı çəkilən müəssisələrin əməkdaşlarının təşəbbüsü ilə gerçəkləşdirildi.
Tədbiri giriş sözü ilə Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının Sədri – Prof. Hamlet İsaxanlı açdı. Natiq çıxışında elmin gənclər arasında populyarlaşdırılmasının vaciblyini vurğuladı və bu istiqamətdə keçirilən bütün tədbirlərin “Xəzər” Universiteti tərəfindən dəstəkləndiyini bildirdi.
Daha sonra çıxış edən AMEA Arxeologiya və Etnoqrafiya İnstitutununu direktoru Prof. Maisə Rəhimova gənc arxeoloqlar tərəfindən Qarabağ ərazisində aparılan tədqiqatlardan söz açdı.
Layihədə tərəfdaş kimi iştirak edən Misir Ərəb Respublikasının Azərbaycandakı Səfirliyinin Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin direktoru doktor Əhməd Sami Elaydi çıxışında Azərbaycanla Misiri bağlayan tarixi və müasir əlaqələrə, iki ölkə arasında dərinləşən münasibətlərə diqqəti çəkdi.
Tədbirdə xüsusi qonaq kimi iştirak edən Yaponiyanın Azərbaycan Respublikasında fövqəladə və səlahiyyətli səfiri cənab Tsuquo Takahaşi çıxışında Azərbaycanla Yaponiya arasında elm üzrə əməkdaşlığın dərinləşməsi, Yaponiyanın inkişafında yapon gənclərinin elm sahələrində əldə etdiyi uğurun rolu mövzusuna toxundu.
Daha sonra tədbir çərçivəsində müxtəlif institutların əməkdaşları elmi-populyar mövzularda seminar keçirdilər. AMEA Şərqşünaslıq institunun f.ü.f.d. Fərda Əsədovun (“Xəzər türkləri və Avropa”), AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşı Pərviz Qasımovun (“Azərbaycan kurqanların sirrləri”), ixtiraçı-mühəndis İlqar Həsənəlizadənin (“İxtiraçılıq haqqında”), Mingəçevir Dövlət Universitetinin b.ü.f.d. Vüsalə Mustafayevanın (“Botanikanın müasir problemlərinin həllində morfo-anatomik tədqiqatların rolu”), Qobustan Milli tarix bədii qoruğunun elmi katibi, AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun doktorantı Rəhman Abdullayevin (“Qayaüstü təsvirlərin sənədləşdirilməsində 3D metodunun tətbiqi”) və d. vizual görüntülərlə müşayət olunan təqdimat-seminarları böyük marağa səbəb oldu. Həmçinin, Xəzər Universitetinin Qızlardan ibarət rəqs ansamblı qonaqlar qarşısında çıxış edərək “Elm şənliyinə” xüsusi şən atmosfer qatdılar.
Tədbirin qonaqları Xəzər Universiteti tələbələrinin hazırladığı Azərbaycan və Qədim Dünya tarixinə aid, həmçinin, digər elm sahələrini əks etdirən eksponatlardan ibarət sərgiyə böyük maraq göstərirdilər. Qeyd edək ki, tədbirdə Mədəniyyət və Turizm Nazirliyinin, Milli Tarix Muzeyinin, Qobustan Milli Tarixi-Bədii Qoruğunun, Qala Dövlət Tarix Etnoqrafiya Qoruğunun, Kimya-Biologiya təmayüllü Respublika liseyinin, Nizami rayonu Gənclər və İdman İdarəsinin nümayəndələri iştirak edirlər.
“Elm şənliyi” layihəsi çərçivəsində Qədim Şərq tarixi üzrə elmi müsabiqənin final mərhələsinə maraq xüsusilə böyük oldu. Final mərhələdə respublikamızın dörd ali təhsil ocaqlarının (Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Bakı Qızlar Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şamaxı Filialı) 5 tələbə komandaları öz intellektual bacarıqlarını nümayiş etdirdilər. Maraqlı və həyəcanlı keçən yarışmada Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının tələbələrindən təşkil olunmuş “Misir” komandası qələbə qazandı. Digər yerləri müvafiq olaraq Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şamaxı Filialı və Azərbaycan Dövlət Pedaqoji Universitetinin təmsilçiləri tutdu. Qaliblər diplomlar və dəyərli hədiyyələr ilə mükafatlandırıldılar.
Xatırldaq ki, “Elm şənliyi” layihəsi və onun çərçivəsində gerçəkləşdirilmiş Qədim Şərqin tarixi, coğrafiyası, mədəniyyəti və ədəbiyyatı üzrə intellektual müsabiqə Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə keçirilmişdir.