Lənkəran şəhərində Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Evlənmək vaxtım deyil təhsil vaxtımdır” layihəsinin ikinci təlimi baş tutmuşdur.
Layihənin həyata keçirilməsində məqsəd erkən nikahın yaratdığı mənfi nəticələri göstərmək, problemin həllinə gəncləri cəlb etmək, problemə və onun doğurduğu nəticələrə qarşı cəmiyyətdə duyarlılığı artırmaqdır. Bütün bunlarla yanaşı, uşaq hüquqları barəsində maarifləndirmə, təhsil hüquqları ilə bağlı məlumatlandırma da layihənin istiqamətləri sırasındadır.
Treyninqdə 30-dan çox məktəbli iştirak etmiş, təlimçi qismində isə Rəfail Əliyev çıxış etmişdir. R.Əliyev təlimi maksimal dərəcədə interaktiv şəkildə aparmağa çalışmış və təlim bir növ qarşılıqlı diskussiya şəklində keçirilmişdir. Təlim zamanı Erkən nikah məsələsinin bütün dünya ölkələri kimi Azərbaycan üçün də yetərincə aktual olduğu və bu problemə qarşı mübarizənin gücləndirilməli olduğu qeyd olunmuşdur. Ümumilikdə isə təlim boyunca bu problemin şəxs üçün həm hüquqi, həm fizioloji-bioloji, həm də psixoloji aspektlərinin yaratdığı fəsadlara toxunulmuş və bu barədə gənclərə kifayət qədər yeni məlumatlar ötürülmüşdür. Daha sonra isə gənclərdən bu problemin kökünün tamamilə kəsilməsi ilə bağlı aparılmalı olan tədbirlər barədə təkliflər dinlənilmiş və müzakirə edilərək qeydlər aparılmışdır.
Təlim müddətində gəncləri maraqlandıran suallar cavablandırılmış, treyninq iştirakçılarına tədbir ilə bağlı müxtəlif bukletlər və məlumatlandırıcı materiallar paylanmışdır.
Təlimin sonunda iştirakçılara sertifikatlar verilmişdir.