Gənclərin Sosial Tərəfdaşlığı Mərkəzi İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə icra etdiyi “Musiqidən Kitabadək” layihəsinə start verdi.
Açılış mərasimi Gəncə Dövlət Universitetinin (GDU) akt zalında baş tutdu. Layihənin Gəncə şəhəri üzrə koordinatoru Aytac Hüseynli iştirakçıları salamlayaraq layihənin məram və məqsədləri haqqında məlumat verdi. Bildirdi ki, sözügedən layihə regionlarda yaşayan istedadlı gəncləri ictimaiyyətə daha da yaxından tanıdacaq, onların öz üzərlərində işləməklərinə rəvan verəcək.
Gənclərin Sosial Tərəfdaşlığı Mərkəzi İctimai Birliyinin sədri Vüsal Əhmədov çıxış edərək layihəyə Azərbaycanın ikinci böyük şəhəri olan Gəncədə start verilməsindən məmnunluğu ifadə etdi. V.Əhmədov rəhbərlik etdiyi İctimai Birlik, eləcə də Birlik yaranandan bəri icra olunan layihələr haqqında danışdı. İcrasına başlanan “Musiqidən Kitabadək” layihəsi haqqında da danışan V.Əhmədov adıçəkilən layihənin istedadlı gənclərin daha da yaxından tanınmasına yardımçı olacağına əminliyini ifadə etdi.
Gəncə şəhər Gənclər və İdman Baş İdarəsinin məsul əməkdaşı Rəhman Quliyev İctimai Birliyə, həmçinin layihəyə uğurlar arzuladı, layihənin vacibliyindən və əhəmiyyətindən danışdı. Bildirdi ki, dövlət siyasətinin prioritet istiqamətlərindən biri də gənclərə hərtərəfli dəstək olmaqdır. Bu baxımdan təmsil etdiyi qurumun istedadlı və bacarıqlı gənclərin axtarılıb üzə çıxarılması istiqamətində QHT-lərə hər zaman yardım etdiyini sözlərinə əlavə etdi və bildirdi ki, dövlət heç bir halda gənclərə dəstək məsələsində məhdudiyyət qoymur. R.Quliyev gənclərə layihədən faydalanmağı tövsiyə etdi.
Layihənin Şirvan şəhəri üzrə koordinatoru Ülviyyə Şahbazova GSTM İB-in regionlarda həyata keçirdiyi layihələr haqqında danışdı. Bildirdi ki, “Musiqidən Kitabadək” layihəsi çərçivəsində Şirvanda da tədbirlər keçiriləcək. O, layihənin istedadlı gənclər arasında maraq doğuracağına inandığını dedi.
GDU-nun Azərbaycan dilinin tədrisi kafedrasının müəllimi Elmira Paşaqızı layihənin məhz GDU-da keçirilməsini mühüm amil kimi qiymətləndirdi. Qeyd etdi ki, hər bir gənc bu kimi layihələrdə yaxından iştirak edərək öz istedadını və bacarığını nümayiş etdirməlidir.
Açılış mərasiminin sonunda xatirə şəkilləri çəkildi.
“Musiqidən Kitabadək” layihəsi Gəncədəki Məhsəti Gəncəvi Mərkəzində davam etdirildi. İstedadlı gənclərin əl işləri ilə bəzənmiş Mərkəzdə çıxış edən Gənclərin Sosial Tərəfdaşlığı Mərkəzi İctimai Birliyinin sədri Vüsal Əhmədov, Məhsəti Mərkəzinin rəhbəri Zərifə Xasayeva, İctimai Birliyin mətbuat xidmətinin rəhbəri Anar Həsənli, layihənin Gəncə şəhəri üzrə koordinatoru Aytac Hüseynli və başqaları bu kimi layihələrin gənclərin öz istedad və bacarıqlarını nümayiş etdirməsi üçün şərait yaratdığını ifadə etdilər. Bildirildi ki, dövlətin uğurlu gənclər siyasəti nəticəsində hər bir azərbaycanlı gənc öz sözünü deməyə, istedadını üzə çıxarmağa və ölkəmizi beynəlxalq aləmdə təmsil etməyə qadirdir.
Çıxışlar başa çatdıqdan sonra iştirakçılar rəsm əsərləri, digər əl işləri ilə yaxından tanış oldular.
Sonra istedadlı gənclərin musiqilərindən ibarət konsert proqramı baş tutdu. Gənc istedadlar gitara, skripka, tar alətlərində ifa etdilər, mahnı oxudular.
Tədbirin sonunda layihədə fəal iştiraklarına görə bir qrup şəxsə təşəkkürnamə və sertifikatlar təqdim olundu.
Layihənin icrası davam edir.