10 dekabr 2016-cı il tarixində Xəzər Universitetinin akt zalında “Elm şənliyi” layihəsi çərçivəsində Qədim Şərqin tarixi, coğrafiyası, mədəniyyəti və ədəbiyyatı üzrə intellektual müsabiqənin yarım final mərhələsi keçirildi. Tədbir Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondu, Misir Mədəniyyət və Təhsil əlaqələri Mərkəzi, AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu, Xəzər Universiteti, Azərbaycan Arxeoloqlar Cəmiyyətinin dəstəyi və adı çəkilən müəssisələrin əməkdaşlarının təşəbbüsü ilə gerçəkləşdirildi.
Keçirilən müsabiqənin yarım final yarışında Azərbaycan Respublikasının yarışmada iştirak haqqı qazanan altı ali təhsil ocağını təmsil edən tələbələrdən ibarət komandalar iştirak edirdi. Komandalar Qədim Şərq tarixi üzrə ümumilikdə 20-dək suala cavab verdilər.
Elmi yarışın nəticəsində müsabiqənin finalına respublikamızın dörd ali təhsil ocağının (Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Bakı Qızlar Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şamaxı Filialı) tələbə komandaları vəsiqə qazandılar. Dekabrın 23-də Xəzər Universitetinin Mərmər salonunda (Xəzər Universiteti, Məhsəti küç., 41, Neftçilər kampusu) saat 9:00-da “Elm şənliyi” tədbiri işinə başlayacaq, saat 14:00-da isə, layihə çərçivəsində Qədim Şərqin tarixi, coğrafiyası, mədəniyyəti və ədəbiyyatı üzrə intellektual müsabiqənin final mərhələsi keçiriləcəkdir.
Xatırldaq ki, “Elm şənliyi” layihəsi çərçivəsində Qədim Şərqin tarixi, coğrafiyası, mədəniyyəti və ədəbiyyatı üzrə intellektual müsabiqə Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə keçirilməkdədir.
Müsabiqənin Təşkilat Komitəsi
https://www.facebook.com/scienceparty2016/
[email protected]
Mobil: +99455 8544165