Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun fəaliyyətinin 5 illiyinə həsr olunmuş tədbirlər davam edir. 15 Dekabr 2016-cı il tarixində Sabirabad rayon Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə şəhər rəhbərliyi, Gənclər Fondunun rəsmiləri həmçinin Salyan, Neftçala, Şirvan, Hacıqabul, Sabirabad, Saatlı, İmişli, Beyləqan, Ağcəbədi, Kürdəmir, Füzuli, Xocavənd və Cəbrayıl rayonlarının gənclər və idman idarələrinin nümayəndələri və rayon gəncləri iştirak ediblər.
Tədbirdə giriş sözü ilə Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev və Sabirabad rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılov çıxış etmişdir. N.İsmayılov Gənclər Fondunun gənclərin sosial ictimai fəallığının gücləndirilməsində çox yüksək təsir göstərdiyini qeyd etmişdir.
Növbəti çıxışda Fərhad Hacıyev əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş, hal-hazırda prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilən dövlət gənclər siyasətindən danışmışdır. Cənab prezidentin gənclərə olan diqqət və qayğısının bariz nümunəsi kimi Azərbaycan prezidenti cənab İlham Əliyevin 19 dekabr 2011-ci il tarixli, 542 saylı fərmanı ilə Gənclər Fondunun yaradılması vurğulanmışdır. Sonra F.Hacıyev dəvət edilən 13 rayonun gənclərini salamlayaraq Fondun bu günə qədər həyata keçirdiyi qrant müsabiqələrdə yaxından fəal iştirak etdikləri üçün təşəkkürünü bildirmiş və layihələrin uğurlu icrasında region gənclərinin xidmətini xüsusi vurğulamışdır.
Daha Sonra Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun Strateji planlaşdırma və beynəlxalq əlaqələr sektorunun müdiri Vüsalə Niftəliyeva Fondun beş illik fəaliyyətinə həsr olunan təqdimatı nümayiş edib. Diqqətə çatdırılıb ki, fəaliyyətə başladığı gündən indiyədək Gənclər Fonduna 7098 layihə daxil olub, onlardan 3341-i dəstəklənib. Eyni zamanda, səfər qrantları ilə bağlı 384 müraciətin 167-nə müsbət cavab verilib. Ötən müddətdə Fond tərəfindən bugünkü görüşdə iştirak edən Sabirabad rayonu üzrə 52, Neftçala rayonu üzrə 14, Şirvan şəhəri üzrə 78, Hacıqabul rayonu üzrə 71, Saatlı rayonu üzrə 32, İmişli rayonu üzrə 18, Beyləqan rayonu üzrə 52, Ağcəbədi raronu üzrə 87, Kürdəmir rayonu üzrə 32, Füzuli rayonu üzrə 44, Xocavənd rayonu üzrə 19 və Cəbrayıl rayonu üzrə 4 layihə dəstəklənib.
Tədbirin gedişatında Sabirabad rayon Gənclər və İdman İdarəsinin rəisi Nadir Quliyev və Xocavənd rayon Gənclər və İdman İdarəsinin rəisi Aslan Quliyev çıxış edərək Gənclər Fondunun maliyyə dəstəyi ilə təmsil etdikləri rayonlarda keçirilən layihələr haqqında məlumat vermiş, Fondun rayon gənclərinə göstərdiyi diqqət və qayğını vurğulamış və Fonda təşəkkürlərini bildirmişlər.
Sonda Gənclər Fondundan elan etdiyi qrant müsabiqələrində layihə qalibi olmuş Sabirabad rayonundan fəal gənc Murad Həsənli, Hacıqabul rayonundan Xalid Rəcəbli və Beyləqan rayon gənci Mürsəl Behdudlu söz alaraq Gənclər Fonduna minnətdarlığını bildirmiş və gənclərə müraciət edərək Fonda layihə göndərməyə çağırmışlar.