“Gənclərin Təhsil, Təlim, Peşə və Inkişaf Mərkəzi” ictimai birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Gənclərin turizm sahəsində peşə bacarıqlarının inkişaf etdirilməsi üçün video dərslər” layihəsini icra edir.
Layihənin ilkin mərhələsində təşkilat tərəfindən tanınmış sahə mütəxəssislərinin iştirakı ilə İşçi qrupu formalaşmış, tədbirlər planı hazırlanmış, tərəfdaş təşkilatlar müəyyənləşdirilmişdir. Həmçinin mütəxəssislər tərəfindən lazımi məlumatlar toplanmış və video-dərslərin ssenarisi hazırlanmışdır.
Video dərslərdə qeyd-qəbul (Front office), otaqlarda xidmət və masa xidməti ixtisasları, həmçinin müştəri ilə ünsiyyət, daxili davranış, gigiyena qaydalarına dair məlumatlar öz əksini tapacaqdır.
Layihənin növbəti mərhələsində seçilən mehmanxanada peşəkar işçi heyətinin iştirakı ilə hazırlanmış ssenari əsasında çəkilişlərin təşkili nəzərdə tutulub.
Layihənin əsas məqsədləri turizm sektoru üçün peşəkar kadrların hazırlanması, Azərbaycanda turizm xidməti sahəsində peşəkarlığının artırılması ilə ölkədə turizm sənayesinin rəqabətə davamlılığının yüksəldilməsidir. Həmçinin, yeniyetmə və gənclərin maarifləndirilməsi, peşə biliklərinə yiyələnmələri, gənclərin işlə təmin olunmasına köməkliyin göstərilməsi, davamlı kadr hazırlığının təmin edilməsi, peşə təhsilinin daha müasir və günün tələblərinə uyğun olmasını təmin etməkdir.