Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi və “Yurd” Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyinin təşkilatçılığı ilə icra edilən “Biləndər” Zəkaların qış kuboku” adı layihə çərçivəsində Xaçmaz rayonunda seçim turu təşkil edilib.
Xaçmaz şəhər 7 saylı tam orta məktəbinin akt zalında baş tutan seçim turunda yeniyetmə və gənclərdən ibarət 8 komanda qələbə uğrunda mübarizə aparıb.
Rəsmi hissədə çıxış edən təşkilatın rəhbəri Ramin Mahmudov bildirib ki, regionlarda gənclərin intellektual inkişafı,dünyagörüşünün inkişafı, komanda şəkilində işləmək bacarıqının inkişafı vacib amillərdəndir. Layihəyə dəstək verdiyi üçün Gənclər Fonduna minnətdarlıq bildirib və qeyd edib ki, layihənin əsas məqsədi gənc nəslin təhsilə, elmə marağının artırılmasına dəstək vermək, gənc nəsil arasında Azərbaycan ədəbiyyatı, incəsənəti, tarixi, coğrafiyasına , eləcə də dünyaya aid biliklərin intellektual oyunlar vastəsilə öyrədilməsini təşkil etməklə onlarda vətənpərvərlik və vətəndaşlıq tərbiyəsinin yüksəldilməsinə nail olmaqdır.
Tədbirdə çıxış edən Xaçmaz rayon Gənclər və İdman İdarəsinin rəis müavini Elman Məmmədov bildirib ki, bu kimi layihələrin regionlarda icra edilməsi həm region gənclərinin ictimai aktiliyinin artmasına, həm də onların paytaxt gəncləri ilə intellektual səviyyədə ayaqlaşa bilməsinə təkan verir. Natiq Gənclər Fondunun bu tipli layihələrə daim dəstək verməsi nəticəsində regionda intellektual hərəkatın davamlı inkişaf etdiyini qeyd edib.
Xaçmaz rayon Təhsil Şöbəsinin əməkdaşı İmran Müseyibov çıxışında Xaçmaz rayonunu da layihələrinə daxil etdiklərinə görə təşkilata təşəkkürünü bildirərək əlavə edib ki, intellektual, bilikli, məntiqi təhlil qabiliyyəti yüksək olan gənclərin üzə çıxarılması və yetişdirilməsi ölkəmizin inkişafında böyük əhəmiyyət daşıyır.
Rəsmi hissədən sonra yarışa start verilib. Nə? Harada? Nə zaman? formatında baş tutan seçim turunda 24 sualın yekununda “Aristokratlar” komandası 11 suala doğru cavab verərək turnirin qalibi adını qazanıb və dekabr ayında Quba şəhərində keçiriləcək final mərhələsinə vəsiqə əldə edib. “Albion” komandası 10 oyun xalı və 33 reytinq xalı ilə ikinci, “İsmət” bilicləri isə 10 oyun və 31 reytinq xalı ilə üçüncü mükafata sahib olublar.
Yekunda qalib və mükafatçılara kubok, medal, diplomlar və layihənin digər tərəfdaşı National Geography jurnallarının nümunələri hədiyyə edilib.
Qeyd edək ki, bu günə qədər layihə çərçivəsində Xızı, Siyəzən, Qusar və Şabran rayonlarında seçim turları təşkil edilib. Son seçim turu dekabrin 10-da Quba rayonunda təşkil olunacaq və əsasnaməyə uyğun olaraq qalib komandalar dekabrin 17-də Quba şəhərində təşkil olunacaq final mərhələsində ən güclü “BİLƏNDƏR”i müəyyən edəcəklər.