Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə gənc fəal Nurlan Cabbarov tərəfindən “Gənclərdə ekoloji mədəniyyətin formalaşdırılmasına dəstək” layihəsi icra olunur.
Layihə çərçivəsində Sumqayıt şəhər 39 saylı tam orta məktəbdə ilk tədbir keçirilmişdir. Tədbirdə məktəbin direktoru Bəxşeyiş Ələmşahov, şagirdlər və layihənin eksperti iştirak etmişdir.
Məktəbin direktoru Bəxşeyiş Ələmşahov çıxış edərək günün prioritet mövzusunda olan layihənin məhz onların məktəbində icra olunmasından məmnunluq duyduğunu, buna görə də layihə rəhbərinə və layihənin icrasında dəstək göstərdiyinə görə Fonda təşəkkürünü bildirmişdir.
Sumqayıt şəhərində gənclik illərindən çalışan B.Ələmşahov Ulu Öndər Heydər Əliyevin təbiətə və ekologiyanın qorunmasına münasibətindən danışaraq bu gün bu diqqətin prezident İlham Əliyev tərəfindən lazımı səviyyədə olduğunu qeyd etmişdir. Məktəbin direktoru son aylarda Sumqayıtda aparılan abadlıq işlərini, salınan və yenilən parkları bunun bariz nümunəsi kimi misal çəkmişdir.
Layihə rəhbəri layihənin məqsədi və donoru haqqında məlumat vermişdir. Milli Aviasiya Akademiyasının tələbəsi olan Nurlan Cabbarov atasının neft sənayesi sahəsində işlədiyindən ekologiyanın qorunması mövzusu ilə uşaqlıqdan tanış olduğunu və bu sahəyə laqeyd qala bilmədiyini demişdir. N.Cabbarov icra etdiyi layihə vasitəsi ilə yeniyetmə və gənclərdə ekoloji mədəniyyətin formalaşdırılmasına töhfə vermək niyyətində olduğunu bildirmişdir.
Ekspert çıxış edərək layihənin icra olunduğu Sumqayıt şəhərində yeniyetmə və gənclər arasında ətraf mühitin qorunması və ətraf mühit sahəsində biliklərinin artırılmasının zəruriliyini vurğulamışdır. Yeniyetmələrə layihə çərçivəsində onların iştirakı ilə keçirilən tədbirlərdən maariflənməyi tövsiyə etmişdir.
Şagirdlərə layihə çərçivəsində hazırlanmış bukletlər paylanılmışdır. Sonda xatirə şəkilləri çəkdirilmişdir.