Azərbaycanda informasiya cəmiyyətinin formalaşması və inkişafında kitabşünaslıq, biblioqrafiyaşünaslıq və kitabxanaşünaslıq elmi biliklərinin nəzəri təcrübi əsaslarının öyrənilməsinin xüsusi rolu danılmaz bir faktdır. Məhz buna görədir ki, bu istiqamətdə həyata keçirilən bütün tədbirlər mühüm əhəmiyyət kəsb edir. Belə tədbirlərdən biri Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə 8-ci qrant müsabiqəsi əsasında Bakı Dövlət Universitetinin Kitabxanaçılıq-informasiya fakültəsinin III kurs tələbəsi Hacı Qasımlının həyata keçirdiyi “Gənc kitabşünasların, biblioqrafiyaşünasların və kitabxanaşünasların elmi fəaliyyətinə dəstək” layihəsidir. Oktyabr ayının 15-dən etibarən start götürmüş layihənin 3 ay müddətində icra olunaraq 15 yanvar 2017-ci ildə tamamlanması nəzərdə tutulur. Layihə Azərbaycan Respublikası Mədəniyyət Müəssisələri İşçilərinin Hazırlıq və İxtisasartırma Mərkəzinin müəllimi və Azərbaycan Milli Elmlər Akademiyasının Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Kitabxanaşünaslıq, biblioqrafiyaşünaslıq və kitabşünaslıq ixtisası üzrə doktorantı Natiq Mürsəlovun elmi məsləhətçiliyi və iştirakı ilə reallaşdırılır.
Layihənin məqsədi informasiya cəmiyyətinin sürətlə inkişaf etdiyi müasir mərhələdə Azərbaycanda peşəkar gənc kitabşünasların, biblioqrafiyaşünasların və kitabxanaşünasların elmi-mədəni və təhsil sahələrində daha fəal iştirakını, onların elmi tədqiqatlarında sənəd-informasiya kütləsinin rolunu müəyyənləşdirməyi və Azərbaycanın kitabşünaslıq, biblioqrafiyaşünaslıq və kitabxanaşünaslıq sahəsi üzrə zəngin sənəd-informasiya resursları ilə gəncləri ətraflı tanış etməkdən ibarətdir.
Layihədə nəzərdə tutulan məqsədə nail olmaq üçün aşağıdakı vəzifələrin həlli planlaşdırılır:
– Azərbaycan Respublikasında kitabşünaslıq, biblioqrafiyaşünaslıq və kitabxanaşünaslıq fəaliyyəti haqqında dövlət siyasətinin atributlarını müəyyən edən qanunların, sərəncamların və digər normativ hüquqi sənədlərin təhlilinin aparılması;
– Xalqımızın tarixi, mədəni, ədəbi-bədii və elmi-fəlsəfi irsinin toplanıb saxlanılmasına, nəsildən-nəslə çatdırılmasına, cəmiyyətin intellektual və mənəvi potensialının inkişafına dair kitabşünaslıq, biblioqrafiyaşünaslıq və kitabxanaşünaslıq sahəsində aparılan elmi tədqiqatları özündə əks etdirən zəngin sənəd-informasiya resurslarının öyrənilməsi.