Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə 8-ci qrant müsabiqəsinin qalibi Aysel Əliyevanın rəhbəri olduğu “İctimai Davranış Qaydalarının Təbliğinə Yaradıcı Gənclərdən Dəstək” layihəsinə start verilib.
Bununla əlaqədar keçirilmiş layihənin açılış tədbirində çıxış edən Aysel Əliyeva deyib ki, gündəlik həyatda tez-tez ictimai davranış qaydaları ilə bağlı yaşanan problemlərlə üzləşirik. Buna misal olaraq parklarda, ictimai nəqliyyatda və s. yerlərdə baş verən xoşagəlməz hadisələri qeyd edə bilərik. Sözsüz ki, bu kimi problemlərin yaşanması milli mənsubiyyətimizin, mədəniyyətimizin tam əksinə yönəlmiş və subyektin müstəqil fikri olduğundan sərt şəkildə müdaxilə edilməsi lüzumsuzdur.
Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının aparat rəhbəri Ramil Vəlibəyov bildirib ki, ictimai davranış qaydaları pozulduğu halda qanunvericiliklə müəyyən olunan inzibati cəza növləri vardır. Lakin bəzi hallarda bu cəza növlərinin tətbiqi mümkün olmadığı üçün və ya ictimia davranış qaydalarının pozulmasının aşkar olunması gecikdiyi üçün bu formada problemin qarşısını almaq əngəllənir: “İctimai yerlərdə əlillərə, qocalara və xanımlara yer vərməmək və bu kimi davranışlara görə heç bir inzibati məsuliyyəti müəyyən edilmir. Bu baxımdan vətəndaşların maarifləndirilməsi, davranış qaydalarının inkişaf etdirilməsinə ehtiyac var. Məhz buna görə də, insanların maarifləndirilməsi üçün yeni metodların düşünülməsi vacidbir. Bu mənada həyata keçirdiyimiz layihə məhz bu istiqamətdə olub yaradıcı gənclərin potensialından istifadə etməklə insanların maarifləndirilməsinə kömək məqsədini daşıyır”.
Çıxışlardan sonra gənclər və yeniyetmələr arasında rəsm müsabiqəsinə start verildi, müsabiqənin şərtləri açıqlandı.
Qeyd edək ki, 4 gün davam edəcək layihənin sonunda müsabiqə iştirakçıları mükafatlandırılacaqlar.