Nizami rayonunda gələn il Bakıda keçiriləcək İslam Həmrəyliyi Oyunlarına dəstək yarışları təşkil edilib. Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə 8-ci qrant müsabiqəsinin qalibi Namiq Muradovun rəhbəri olduğu “Həmrəylik Nümunəsi” – İslam Həmrəyliyi Oyunlarına dəstək yarışları çərçivəsində rayon məktəbliləri arasında idman yarışları təşkil edilib.
Bununla əlaqədar keçirilmiş layihənin açılış və bağlanış tədbirlərində çıxış edən Namiq Muradov deyib ki, ölkəmizdə keçiriləcək növbəti mötəbər idman yarışları Bakı-2017 İslam Həmrəyliyi Oyunları adı altında baş tutacaq. Ölkəmizin bu kimi genişmiqyaslı layihələrə ev sahibliyi etməsi dövlətin inkişafından və dünya ölkələri arasında tutduğu mövqedən xəbər verir.
Tədbirdə çıxış edən YAP Nizami rayon təşkilatının aparat rəhbəri Ramil Vəlibəyov bildirib ki, bu cür irimiqyaslı yarışların təbliğ olunması üçün yeniyetmə və gənclər arasında bu cür yarışların keçirilməsi böyük oyunların kiçik modelinin yaradılması baxımından əhəmiyyətlidir.
Çıxışlardan sonra yarışlara start verilib. Yeddi gün davam edən layihə çərçivəsində məktəblilər arasında futbol, basketbol və voleybol idman növləri üzrə yarışlar keçirilib. Gərgin mübarizə şəraitində keçən yarışlardan sonra qaliblər mükafatlandırılıb. Hər bir yarış üzrə birinci, ikinci və üçüncü yerlərin qaliblərinə diplom və medallar təqdim edilib.