Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə, “Yurd” Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyi, Quba rayon Gənclər və İdman İdarəsi və Quba rayon Təhsil Şöbəsinin təşkilati dəstəyi ilə “Bir günəşin zərrəsiyik”-multikulturalizmin Quba modeli” adlı layihəyə start verilib.
Quba rayonunun Məckə-Xacə kəndində baş tutan tədbirdə çıxış edən layihə rəhbəri Elvin Seyffədinov bildirib ki, layihənin əsas məqsədi cənab Prezident İlham Əliyev tərəfindən elan edilən “Multkulturalizm ili” çərçivəsində təşkil olunana tədbirlərə dəstək vermək, Quba rayonunuda yaşayan azsaylı xalqların və etnik qrupların mədəniyyətinin, incəsənətinin, mətbəxinin gənc nəslə təbliğ edilməsidir. Tədbirin də Məckə-Xacə kəndində təşkil edilməsinin əsas məqsədlərindən biri də burda tat etnik qrupunun kompakt şəkildə məskunlaşmasıdır.
Tədbirdə çıxış edənlər Məckə-Xacə kənd ümumi orta məktəbini direktoru Faiq Bayramov, Rustov bələdiyyəsinin sədri Behbud Rəhimov, “Yurd” Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyinin sədri Ramin Mahmudov və digər çıxış edənlər öncə layihəyə dəstək verdiyinə görə Gənclər Fonduna təşəkkürlərini bildirib və belə layihələrin təşkilinin böyük əhəmiyyətini vurğulayıblar. Çıxış edənlər Azərbaycanın multikultural dəyərlərinin dünyaya örnək olduğunu qeyd ediblər. Azərbaycan adlı bir günəşin zərrələri hökmündə olan azsaylı xalqlar daim bu ölkədə dinc, sülh və qardaşlıq şəraitdə yaşadıqlarını vurğulayıblar.
Tədbirdə tat etnik qrupuna məxsus mətbəx nümunələri sərgilənib, istedadlı gənclərin ifasında müxtəlif incəsənət nümunələrindən ibarət konsert proqramı təşkil edilib.
Layihə çərçivəsində dağ yəhudiləri, ahıska türkləri və ləzgilərin də festivallarının təşkil edilməsi planlaşdırılıb.