Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyilə “Regionlararası Gənclərin Mübariz Bilik’’ Kuboku layihəsinə start verilib.
Layihənin rəhbəri Elvin Əlizadənin verdiyi məlumata görə, məqsəd Biləsuvar, Cəlilabad, Lənkəran, Astara, Lerik və Yardımlı rayonlarında intellektual gənclərin üzə çıxarılması və Xəmsə milli intellektual oyunu üzrə turnirlərin keçirilməsidir.
Həmin rayonlarda layihə haqqında ilkin məlumatlandırma aparılacaq, elanlar veriləcək, yerli icra nümayəndəliklərinin dəstəyi ilə gənclərlə görüşlər keçiriləcək, onlar intellektual oyunlar sahəsində əvvəlcədən maarifləndiriləcəkdirlər.
Yerlərdə fəaliyyətimizin daha uğurlu alınması üçün icra nümayəndəlikləri, eləcə də yerli gənclər və idman idarəsi ilə əməkdaşlıq ediləcək. Bu əməkdaşlıq onların tədbirlərə dəvəti, tədbirlərdə iştirakı, görüşlərin və yarışların keçirilməsi üçün məkanların tapılmasına köməklikdən, eyni zamanda finala vəsiqə qazanan komandaların Biləsuvar şəhərində iştirakını təmin etməkdən ibarət olacaqdır.
Hər rayon üzrə 2 komanda olmaqla Biləsuvar şəhərində təşkil olunacaq Gənclər arasında Xəmsə intellektual oyunununda iştirak edəcəklər. Sonda ilk 3 yerə layiq görülmüş komandalar kubok və diplom ilə mükafatlandırılacaqlar.