Ölkəmizin iqtisadi inkişafının müxtəlif problemləri üzrə tədqiqatların aparılması bu sahədə təhsil alan və elmi araşdırmalarla məşğul olan gənclərimizin qarşısında duran əsas vəzifələrdən biridir. Bu məqsədlə gənc iqtisadçıların elmi fəaliyyətlərinin stimullaşdırılması və onlarda elmi yaradıcılığa həvəsin artırılması istiqamətində Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Gənc iqtisadçılar arasında araşdırma müsabiqəsi” adlı layihənin icrasına start verilmişdir. Gənclər Fondunun VIII Qrant müsabiqəsinin C kateqoriyası üzrə qaliblərdən biri olan bu layihənin rəhbəri Azərbaycan Dövlət İqtisad Universitetinin IV kurs tələbəsi Nahid Rzazadədir.
Layihənin əsas məzmunu iqtisadçı gəncləri ölkənin elmi iqtisadi həyatına cəlb etməkdən, istedadlı gənclərin apardıqları araşdırmaların peşəkar təhsil və elmi mühitdə (universitetlərdə və AMEA-da) tanıtmaqdan və onlarda intellektual əməyə marağın artırılmasından ibarətdir.
Layihə çərçivəsində keçiriləcək araşdırma müsabiqəsində iqtisadiyyat sahəsində Azərbaycanın müxtəlif universitetlərində təhsil alan və elmi tədqiqatla məşğul olan 18-29 yaş arası 40-a yaxın gənc tələbə, magistrant, doktorant və dissertantın iştirakı nəzərdə tutulmuşdur.
Yaxın günlərdə ekspertin iştirakı ilə keçiriləcək layihənin ilk tədbirində müsabiqəyə araşdırmaların qəbulu məqsədilə iqtisadiyyat sahəsinin müvafiq istiqamətləri, müsabiqənin şərtləri və plan-prospekti müəyyənləşdiriləcəkdir. Eyni zamanda tədbirdə iqtisadiyyat üzrə ixtisasların tədris olunduğu universitetlərdə, AMEA-nın İqtisadiyyat İnstitutunda məlumatlandırma işinin aparılması, həmçinin Gənclər Fondunun rəsmi saytında və facebook səhifəsində, o cümlədən digər elektron kütləvi informasiya vasitələrində müsabiqənin keçirilməsi və şərtləri ilə bağlı elanın yerləşdirilməsi məsələlərinin həlli də nəzərdə tutulmuşdur.
Müsabiqə çərçivəsində keçiriləcək iclaslar və qəbul olunmuş qərarlar haqqında Gənclər Fondu və KİV vasitəsilə ictimaiyyətə ətraflı məlumatlar veriləcək. Müsabiqə çərçivəsində Gənclər Fondunun əməkdaşları ilə məsləhətləşmələr aparılması və layihənin qiymətləndirilməsi ilə bağlı müxtəlif ekspertlərin də fikirlərinin öyrənilməsi nəzərdə tutulmuşdur.