Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə 8-ci qrant müsabiqəsinin qalibi Bəhlul Nuriyevin rəhbəri olduğu “Gənclik və davranış” layihəsinə start verilir. Layihənin əsas məqsədi ictimai davranış qaydalarını gənclər arasında təbliğ etmək və bu qaydalara riayət edilməsinə gəncləri təşviq etməkdən ibarətdir.
Layihədə gənclər arasında ictimai davranış qaydaları təbliğ edilməklə orta məktəblərin yuxarı sinif şagirdləri və ali, həmçinin orta ixtisas məktəblərinin tələbələri ilə təlimlərin keçirilməsi, ictimai davranış qaydalarını əks etdirən videoçarxın gənclərə təqdim edilməsi, davranış qaydalarını əks etdirən bukletlərin gənclər arasında paylanması, bu kimi işlərin media tərəfindən işıqlanması nəzərdə tutulmuşdur.
Bundan əlavə, layihə zamanı gənclərin iştirakı ilə müxtəlif mövzularda ictimai davranışla bağlı situasiyalar gənclərə təqdim ediləcək və nəticədə, onlara ictimai davranış qaydaları həm nəzəri, həm də praktiki yolla nümayiş ediləcəkdir.
Layihənin əsas hədəf qrupu 17-27 yaş arasında olan ölkəmizdə təhsil alan gənclərdir. Layihənin ilkin hazırlıq işləri və təlimlər Bakıda, təbliğat materiallarının paylanması Bakıda və Sumqayıtda həyata keçiriləcəkdir.