Binəqədi rayonunda Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi, Binəqədi rayon Gənclər və İdman İdarəsi və Yeni Azərbaycan Partiyası Binəqədi rayon Təşkilatı Gənclər Birliyinin təşkilatçılığı ilə VIII qrant müsabiqəsinin qalibi Türkan Sadıqovanın “Gənclər arasında multikultural dəyərlərin təbliği” adlı layihəsi həyata keçirilib.
Qeyd edək ki, ölkəmizdə mövcud olan multikultural və tolerant dəyərlərin gənclər arasında təbliğinə həsr olunmuş layihənin icrası müddətində təlimlər keçirilib, “Təzə Pir məscidi”, Müqəddəs Jen-Mironosits kilsəsi, “Dağ yəhudiləri”nin sinaqoqu, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinə ekskursiyalar təşkil olunub.
02 sentyabr 2016-cı il tarixdə YAP Binəqədi rayon Təşkilatının inzibati binasında layihənin açılış mərasimi keçirilib. Tədbirdə Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşavirliyi xidmətinin əməkdaşı Sərraf Hüseynov, Binəqədi rayon Gənclər və İdman İdarəsinin rəis müavini Sevinc Süleymanova, YAP Binəqədi rayon Təşkilatının Aparat rəhbəri Sevinc Abdullayeva, layihənin rəhbəri Türkan Sadıqova, gənclər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Türkan Sadıqova layihə haqqında ətraflı məlumat verib, layihənin həyata keçirilməsində göstərdikləri köməyə görə Gənclər Fonduna və təşkilatçılara öz təşəkkürünü bildirib.
Sonra çıxış edən nümayəndələr Azərbaycanın tolerantlıq diyarı olduğunu, tarixən ölkəmizdə müxtəlif millətlərin mehriban, dostluq şəraitində yaşadıqlarını nəzərə çatdırıblar.
Dövlət müşavirliyi xidmətinin əməkdaşı Sərraf Hüseynov çıxışında multikulturalizmin Azərbaycan modeli haqqında ətraflı məlumat verib. 2016-cı ilin Azərbaycan Respublikasında “Multikulturalizm ili” elan edildiyini nəzərə çatdıran natiq il ərzində ölkəmizdə bu sahədə respublika və beynəlxalq miqyaslı elmi-nəzəri, elmi-praktik konfransların, seminarların, “dəyirmi masa”ların, mühazirələrin keçirildiyini qeyd edib. “Gənclər arasında multikultural dəyərlərin təbliği” adlı layihənin də bu baxımdan böyük əhəmiyyət kəsb etdiyini bildirib.
Sonra ekspert iştirakçıları maraqlandıran sualları cavablandırıb.
01 oktyabr 2016-cı il tarixdə “Təzə Pir məscidi” və Müqəddəs Jen-Mironosits kilsəsinə ekskursiya təşkil olunub. “Təzə Pir məscidi”nin axundu Hacı Cəmil gənclərə məscidin tarixi, burada icra olunan dini ayinlər haqqında məlumat verib.
Müqəddəs Jen-Mironosits kilsəsində kilsənin nümayəndəsi binanın məşhur xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin dəstəyi ilə tikildiyini iştirakçıların nəzərinə çatdırıb. Azərbaycanda hər bir dinə hörmətlə yanaşıldığını, dini icmalara dövlət tərəfindən diqqət və qayğı göstərildiyini məmnunluqla qeyd edib.
07 oktyabr 2016-cı il tarixdə layihə çərçivəsində “Dağ yəhudiləri”nin sinaqoqu və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinə səfər təşkil olunub. Dağ Yəhudiləri Dini İcmasının sədri cənab Melix Yevdayev gənclərə ibadət ocağının Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü və qayğısı ilə inşa edildiyini bildirib.
Sonra iştirakçılar Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinə səfər ediblər. Burada Mərkəzin nümayəndəsi BBMM-in fəaliyyətindən danışıb. Bildirib ki, Mərkəz Azərbaycan multikulturalizminin dövlət siyasəti kimi ölkə daxilində və xaricdə təbliği, multikultural ənənələrin qorunması və müasir dövrün tələblərinə uyğun şəkildə inkişafı üçün ardıcıl ideoloji-siyasi, həmçinin praktik fəaliyyət göstərməklə məşğuldur.
Layihəyə təlim və iştirakçıların sertifikatlarla təltif edilməsi ilə yekun vurulub.