13 oktyabr 2016-cı il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının YUNESKO Mərkəzi və Tələbə Gənclər Təşkilatının təşkilati dəstəyi ilə həyata keçirilən “Cəm niyyətdə yox, Cəmiyyətdə yaşa!” layihəsinin açılış tədbiri və iki hissədən ibarət ilk təlimi baş tutmuşdur.
Tədbirə giriş sözü ilə başlayan layihə rəhbəri Qüdrətxanım Zeynalova iştirakçılara layihə haqqında daha geniş məlumat vermiş, yol mədəniyyəti, ictimai davranış və etiket qaydalarının günümüzdə böyük əhəmiyyət kəsb etdiyini vurğulamışdır.
Daha sonra “İctimai davranış qaydaları” mövzusunda çıxış edən gənc təlimçi Malik Bağırov mövzu ətrafında interaktiv təlim aparmış, iştirakçıların suallarını cavablamışdır. Təlimin 2-ci hissəsində isə təlimçi Səadət Abdullazadə “Həmyaşıd təhsili nədir?”, “Sosial teatr texnikları” mövzularında iştirakçıları məlumatlandırmışdır. Müxtəlif komanda oyunları, interaktiv müzakirələrlə davam edən təlim gününün sonunda iştirakçılar ilk sosial teatr tamaşalarını hazırlayaraq nümayiş etmişlər.
Qeyd edək ki, “Cəm niyyətdə yox, Cəmiyyətdə yaşa!” layihəsi 13-16 oktyabr tarixlərində Bakı şəhərində baş tutacaq. Layihənin məqsədi gəncləri etiket və ictimai davranış qaydalarının təbliği, ictimai məsuliyyət hissinin artırılması, ictimai müzakirələrlə ictimai davranış qaydalarına riayət olunmasına nail olmaq, onları ətraf-aləmə, cəmiyyətə, insanlığa daha duyarlı və diqqətli olmağa təşviq etmək, gənclərin ictimai davranış qaydalarının təbliği sahəsində fəaliyyətlərini dəstəkləmək və tənzimləməkdir.