Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun 8-ci qrant müsabiqəsində qalib olmuş Hüseyn Hüseynovun “Dostluq Kuboku” regionda futzalın təbliği layihəsinə start verilib. Layihənin əsas məqsədi bu idman növünün qaydalarını gənclər arasında maarifləndirmək və bu sahədə ədəbiyyatın formalaşdırılması, regionda futzal oyun qaydalarının təbliğatı və region gənclərin asudə vaxtlarının sağlam-səmərəli keçirilməsidir. Layihədə regiondan – Biləsuvar, Cəlilabad və Masallı rayon məktəblərində təhsil alan 10-11-ci sinif şagirdlərinin və həmçinin bu rayonlarda fəaliyyət göstərən müəssisə-təşkilatlarda çalışan gənclərin iştirakı və faydalanması nəzərdə tutulur. Layihə öz işinə ilk növbədə idarə heyətinin təşkil olunması və könüllülərdən ibarət komandanın formalaşması işi ilə start verəcəkdir. Daha sonra regionun hər 3 rayonunda təbliğat və təşviqat işləri tamamlandıqdan sonra layihənin ikinci – praktik mərhələsinə start veriləcəkdir. Beləliklə hər 3 rayondan futzal komandaların “Dostluq Kuboku” futzal yarışına ərizələri qəbul olunacaqdır. Əvvəlcədən aparılmış təbliğat və təşviqat işlərinə uyğun olaraq bu yarışın da mahiyyəti gənclər arasında futzal oyun qaydalarının praktik yol ilə maarifləndirilməsi aparılacaqdır. Sonda ilk 2 yerə layiq görülmüş komandalar kubok, diplom və idman formaları ilə mükafatlandırılacaqlar.