Odlar Yurdu Universitetinin konfrans zalında Tələbə Gənclər Təşkilatının sədri Fərmanova Səbinənin Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun elan etdiyi VIII qrant müsabiqəsində qalib gəlmiş “Nəsibə Zeynalova–100 Teatr Festivalı” adlı layihəsinin açılış mərasimi keçirilmişdir. Tədbiri giriş sözü ilə açan layihə rəhbəri Fərmanova Səbinə ilk öncə layihə iştirakçılarını salamladı. Daha sonra layihə haqqında iştirakçılara qısa məlumat verərək aşağıdakıları qeyd etdi:
“Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun elan etdiyi VIII qrant müsabiqəsində mənim də “Nəsibə Zeynalova–100” Teatr Festivalı adlı layihəm qalib gəldi. Mən fəxr edirəm ki, məhz mənim də layihəm bu müsabiqədə uğur qazandı. Bu layihəni həyata keçirtməkdə əsas məqsədimiz gənclər və yeniyetmələr arasında teatra marağı artırmaq, onları teatra cəlb etmək və onların iştirakı ilə böyük komediya ustadımız Nəsibə Zeynalovanın 100 illik yubileyinə həsr olunmuş teatr festivalını keçirtməkdir. Bu gün gənclər və yeniyetmələrin asudə vaxtlarının düzgün istiqamətləndirilməsi, gənclərin innovativ ideyalarının dəstəklənməsi, mədəniyyət və incəsənətə olan marağının artırılması ən aktual problemlərdən biridir. Bu yöndə görülən işlərə dəstək olmaq və gənclərdə milli təfəkkürü, mənəvi dəyərləri formalaşdırmaq məqsədi ilə məhz bu layihəni işləyib hazırladım”.
Daha sonra isə F. Səbinə çıxış üçün sözü layihə iştirakçısı Aygün Abbasovaya verdi. Aygün Abbasova teatr ustası Nəsibə Zeynalovaya həsr edilmiş bu layihənin gənclər üçün çox böyük əhəmiyyət kəsb etdiyini bildirdi və vurğuladı ki, bu gün gənclərin teatra olan maraq dairəsini düzgün formalaşdırmaq məqsədiylə tədbirlərin keçirilməsinə ehtiyac duyulur. Bu baxımdan “Nəsibə Zeynalova– 100 Teatr Festivalı” adlı layihə Azərbaycan teatr tarixini gənclər və yeniyetmələr arasında təbliğ etmək, gəncləri son zamanlar geniş vüsət almış bayağı teatrdan uzaqlaşdırmaq məqsədilə atılmış mütərəqqi addımlardan biridir.
Tədbir layihə iştirakçıları Ələsgərova Aytən və Qurbanova Esmiranın çıxışları ilə davam etdi. Fərmanova Səbinə sonda bütün layihə iştirakçılarına uğurlar arzulayaraq açılış mərasimini yekunlaşdırdı.
Layihə çərçivəsində görüləcək işlər çay süfrəsi arxasında geniş müzakirə edildi.