Gənclər arasında bədii və elmi ədəbiyyata olan marağı artırmaq məqsədilə “Ədəbiyyat Marafonu” adlı layihə keçirildi. Həyata keçirilən layihə Azərbaycan Respublikasının Prezidentinin yanında Gənclər Fondunun maliyyə dəstəyiylə 8-9 oktyabr Bakı şəhərində baş tutdu.
Layihənin əsas məqsədi yeniyetmə və gənclər arasında bədii və elmi ədəbiyyata olan marağı artırmaq, gənclərdə mütaliyyə bacarığını və oxumaq hissini inkişaf etdirmək idi.
Layihənin açılış mərasimində “Ədəbiyyat Marafonu” layihəsinin rəhbəri Ayşən Xəlilova ədəbiyyatın həyatımızda danılmaz rolundan danışaraq mərasimi açıq elan etdi.
Daha sonra Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun nümayəndəsi Ayşə Məhərrəmova Gənclər Fondu haqqında ümumi məlumat verərək, layihənin gənclər üçün önəmli olduğunu, gənclərdə mütaliyyə bacarığının inkişaf etdirilməsinin və kitaba olan marağın təmin edilməsinin əhəmiyyətini vurğulayaraq, layihənin iştirakçılarına uğurlar arzuladı.
“Ədəbiyyat Marafonu” layihəsi çərçivəsində 30 yeniyetmə və gənclərə Ədəbiyyat gecəsi təşkil olundu. Təşkil olunan gecədə Azərbaycanın tanınmış yazıçıları və yazarları ilə gənclərin görüşü təmin edildi. Gənclərin yeni biliklər əldə etmələri üçün iştirakçılar və yazıçılar arasında diskussiya yaradıldı.
“Ədəbiyyat Marafonu” layihəsinin ilk günündə gənclərin Azərbaycanın tanınmış yazıçısı Varis Yolçuyevlə görüşü baş tutdu. Yazıçı gənclərlə maraqlı diskussiyadan sonra, hər gəncə bir kitab hədiyyə etdi. Varis Yolçuyev və gənclər arasında “Niyə gənclik oxumur”, “Azərbaycan Ədəbiyyatının inkişafı” adlı diskussiya aparıldı. Eyni zamanda yazıçı yazdığı kitablar haqqında maraqlı məqamlara toxundu.
“Ədəbiyyat Marafonu”nun növbəti qonağı isə Azərbaycanlı detektiv yazıçı Elxan Elatlı ilə görüş təşkil olundu. Yazıçı “Azərbaycan ədəbiyyatı və xarici ədəbiyyatın fərqi” mövzusunda geniş diskussiya apardı. Həmçinin Elxan Elatlı öz yaradıcılığı və yazdığı kitablar barədə gənclərin suallarını cavablandırdı.
Daha sonra 30 gənc arasında “Ədəbiyyat Marafonu” adı altında intellektual müsabiqə keçirildi. Müsabiqənin sonunda iştirakçılar sertifikatlarla təltif edildilər və qaliblərə hədiyyə təqdim olundu. Layihənin son günü iştirakçılar tərəfindən “Hər gəncə bir kitab” adlı fleşmob keçirildi. Fleşmob zamanı komanda gənclərə ədəbiyyat haqqında müxtəlif suallar verərək, kitabla mükafatlandırdılar.