30 Sentyabr 2016-cı ildə Bakı şəhərində Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Bədii ədəbiyyat mənəvi kimliyimizdir” layihəsinin üçüncü-sonuncu təlimi baş tutmuşdur.
Layihənin əsas məqsədi son dövrlər texnologiyanın sürətlə inkişaf etməsi ilə bağlı olaraq kitablara azalmış marağın yenidən artrılmasıdır. Layihə bu istiqamətdə maarifləndirmə işi aparır.
Treyninqdə 30-dan çox məktəbli iştirak etmişdir. Layihə rəhbəri Rəfail Əliyev çıxış etmiş, layihənin əsas məqsədini qeyd edərək təlimin açılışını etmişdir. Daha sonra söz layihənin təşkilati heyətin üzvü Ramtiq Alızadəyə verilmişdir. R.Alızadə, bu tipli təlimlərin günümüzdə gənclər üçün önəmini qeyd edərək iştirakçıları təlimdən maksimal şəkildə yararlanmağa çağırdı. Sonra təlimin əsas sessiyasına keçid alındı. Burada isə təlimçi Aygün Əliyeva kitab oxumağın bizə verdiyi ən faydalı keyfiyyətlərdən biri olan natiqlik bacarığımızı inkişaf etdirməyimizlə bağlı bilik və təcrübələrini bölüşdü. Aygün Əliyeva təlim boyunca təlimi maksimal dərəcədə interaktiv şəkildə aparmağa çalışmış və təlim bir növ qarşılıqlı diskussiya şəklində keçirilmişdir.
Bütün bunlarla yanaşı təlim zamanı kitabların bizə, bizim həyatımıza qatdığı dəyərlər, üstünlüklər barədə müzakirə aparılmışdır. Təlim boyunca kitab oxumağın bizim beynimizdə yaratdığı müsbət bioloji dəyişiklər, düşünmə qabiliyyətimizi yüksəltməsi, mütaliə etməyin söz ehtiyyatımıza zənginlik qazandırması və bunun nəticəsində də öz nitqimizi təkmilləşdirməyi, fikrimizi daha dolğun və səlis ifadə etmək və digər faydalı tərəfləri barədə gənclər maarifləndirilmişdir.
Təlim müddətində gəncləri maraqlandıran suallar cavablandırılmış, treyninq iştirakçılarına tədbir ilə bağlı müxtəlif bukletlər və hədiyyələr paylanmışdır. Təlimin sonunda iştirakçılara sertifikatlar verilmişdir.