Şəmkirdə Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun VIII qrant müsabiqəsi çərçivəsində qalib olan “Sən də komplekssiz, innovativ, ideyalı gənc ol!” adlı layihə çərçivəsində təlimlər keçirilib.
İlk olaraq layihənin təqdimat mərasimi olub. Tədbirdə Şəmkir rayon İcra hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsi üzrə baş məsləhətçisi Davud Süleymanov, Şəmkir rayon Gənclər və İdman idarəsinin rəisi, YAP Gənclər Birliyinin Şəmkir üzrə sədri Emin İsmayılov, Zəka Gənclərin İntellektual İnkişaf və Yaradıcılıq Mərkəzinin direktoru Güllü Atakişiyeva, “Sülhə Çağırış” Tolerantlığa dəstək İctimai Birliyinin sədri Aynurə Asimqızı çıxış edərək Azərbaycanda gənclərə göstərilən diqqət və qayğıdan danışıb, bu istiqamətdə dövlətin həyata keçirdiyi uğurlu siyasəti xüsusi vurğulayıblar.
“Sən də komplekssiz, innovativ, ideyalı gənc ol!” adlı layihənin rəhbəri olan şəmkirli gənc Xəyalə Cəfərova çıxışında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə ölkə gənclərinə göstərdiyi qayğıya görə minnətdarlıq edib. O bildirib ki, Azərbaycanda ölkəyə məxsus “Gənclər Günü”nün keçirilməsi, ölkə gənclərinə dəstək xarakterli Prezident yanında Gənclər Fondunun yaradılması və fəaliyyəti bu gün Azərbaycan gənclərinin birbaşa dövlətin himayəsində olduğunun bariz nümunəsidir. Gəncləri yaradılan gözəl şəraitlərdən layiqincə istifadəyə səsləyən layihə rəhbəri tədbir iştirakçılarını “komplekssiz, innovativ, ideyalı” olmağa səsləyib.
Əhatə etdiyi dövr ərzində layihənin gedişatı boyu gənclər üçün komplekssiz olub, özlərini cəmiyyətə inamlı şəkildə təqdim və təsdiq etmələri üçün müxtəlif treninq, seminar və müsabiqə xarakterli yarışlar reallaşdırılıb. Peşəkar təlimçi, ekspert və məruzəçilərin rəhbərliyi altında keçirilən tədbirdə gənclər özünəinam, özgüvən, komplekssiz olmaq, öz ideyasını çəkinmədən reallaşdırmaq, cəmiyyətdə özünü fərd olaraq təsdiq etmək kimi mövzularla geniş məlumatlandırılıb.
Layihədə sona qədər iştirak edən fəal gənclər sertifikatlarla təltif edilib.
Qeyd edək ki, 4 gün boyunca davam edən layihənin təşkilati dəstəyi Şəmkir rayon İcra hakimiyyəti, Şəmkir rayon Gənclər və İdman idarəsi, “Sülhə Çağırış” Tolerantlığa dəstək İB, Zəka Gənclərin İntellektual İnkişaf və Yaradıcılıq Mərkəzi olub.