Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Gənc Xəzər Mühəndisləri İctimai Birliyi” mühəndis tələbələr üçün təşkil etdiyi “Gənc Mühəndislərin Yay Akademiyası” uğurla başa çatıb. Layihəyə BakerHughes, Azərsun, Schlumberger, KTIB, Halliburton, TEC, Gənc Mühəndislər Cəmiyyəti, Adrenaline Ekstrim Klub kimi böyük şirkətlər maraq göstərmiş və texniki dəstəyini vermişdirlər.
Avropa Milli Mühəndislər Asossasiyalarının Mərkəzi Şurasının Azərbaycan nümayəndəsi GXMİB-nin sədri Həsən Abbasov qeyd edir ki, Yay Akademiyası dünyaca məşhurdur və bu praktikadan Qərb ölkələrində geniş istifadə olunur. Bu qısamüddətli akademiyalardakı tədris adi universitet təhsilindən bir az fərqlənir. Çünki burada vizual məşğələlər, komanda halında çalışmalar, real sənaye modelləri, müasir texnologiya tətbiqi misallarından geniş istifadə edilir.
Yay Akademiyasında iştirak üçün Azərbaycanda və xaricdə təhsil alan 300-ə qədər tələbə müraciət etmişdir. İmtahanlar və müsahibədən ibarət 4 mərhələli seçim tutu əsasında 25 tələbə 7 günlük Yay Akademiyasında iştirak etmək hüququ qazanmışdır. 7 günlük proqram ərzində geoloji araşdırma metodları, neft ixracı və emal texnologiyaları, mexaniki qurğular, alternativ enerji istehsalı üsulları, informasiya texnologiyaları, elektrik və cihazqayırma mühəndisliyinin real sənaye tətbiqi haqqında təqdimatlar keçirilmişdir. Alınan bilikləri möhkəmləndirmək üçün komanda halında müxtəlif sənaye problemi həlləri, texniki iqtisadi əsaslandırma məşğələləri, sənaye müəssisələrinə ekskursiyalar və workshoplar təşkil edilmişdir.
Yay Akademiyası proqramının tərtibatında xarici ölkələrin nüfuzlu universitetlərinin məzunları olan gənc mütəxəssislər iştirak etmişlər. Təqdimatçılar və məşğələləri təşkil edən mühəndislər arasında əsasən Moskva Dövlət, Oxford, Florida, Orta Doğu Texnik, Aberdeen, Qafqaz, Azərbaycan Dövlət Neft və Sənaye və Boğaziçi universitetlərinin məzunları olmuşlar.
“Gənc Mühəndislərin Yay Akademiyası”nın son günündə iştirakçılar öncədən onlara verilmiş mövzular üzrə hazırlaşaraq öz təqdimatlarını etdilər. Münsiflər heyətinin ortaq qərarına əsasən “CES stars” komandası “Frontier acreage and access to reserves” mövzusundakı çıxışı ilə birinci yerə layiq görüldü. Bağlanış mərasimində Yay Akademiyasının iştirakçılarına CES-in sertifikatları təqdim edilmişdir.