24 sentyabr 2016-cı il tarixində Sumqayıtda Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun “Dostluğumuz Kitabdan Başlasın” layihəsinin 3-cü, yekun mərhələsi keçirilib. Şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatı dəstəyi ilə keçirilən tədbirdə müxtəlif sahələri təmsil edən tələbə və könüllü gənclər, tərəfdaş təşkilatların nümayəndələri iştirak etmişlər.
Layihə rəhbəri Taleh Əliyev tədbirdə çıxış edərək layihənin məqsədinin gənclərdə kitab oxuma vərdişini inkişaf etdirmək, onların gündəlik həyat vərdişlərinə kitab mütailəsi əlavə etmək, nizamlı kitab oxuma vərdişini artırmaq və mədəni dəyərlərin təbliğində gənclərin rolunu artımaq olduğunu qeyd etmişdir. Bildirildi ki, layihə icrasına başlanılan andan keçirilən hər 3 turda kitab sərgisi təşkil olunmuşdur ki, gənclər oxuyub bitirdikləri kitabları sərgiyə təqdim etməklə kitab mübadiləsi edərək, həm yeni mütailə obyekti, həm də yeni dostluqlar qazanıblar. T.Əliyev vurğuladı ki, layihənin davamlılığının təmin edilməsi üçün Sumqayıt Gənclər Evində kitab klubu yaradılıb və gənclər kluba üzv olaraq asudə vaxtlarını kitab oxumaqla səmərəli keçirə bilərlər.
Daha sonra “Kitab Oxumanın 13 möhtəşən faydası” adlı interaktiv təqdimat edilmiş, maarifləndirici videoçarğ nümayiş olunmuş və gənclər arasında kitab mütailəsinin artırılması istiqamətində fikir mübadiləsi aparılmışdır.
Sonda layihənin icrası mərhələlərində aktivlik nümayiş etdirən iştirakçılara sertifikatlar təqdim edilmişdir.