19-23 sentyabr 2016–cı il tarixlərində Bakının Binəqədi, Nəsimi və Yasamal rayonlarının ümumtəhsil məktəblərində Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə VIII qrant müsabiqəsi çərçivəsində “Təkan” Tələbə Gənclərin İctimai Birliyi tərəfindən “İşğal altında Qarabağ” adlı özünrənglə kitabının təqdimatı keçirilmişdir. Kitabın əsas qayəsini məktəbəqədər yaşlı uşaqlara və əsasən də ibtidai sinif şagirdlərinə işğal altında olan Qarabağla bağlı məlumatların şəkillər vasitəsilə təqdim olunması təşkil edir. Belə ki, hazırlanan kitabda erməni işğalı altında qalan tarixi, mədəni və təbiət abidələrini, habelə məişət və geyim nümunələrini əks etdirən 40-a yaxın şəkil öz əksini tapmışdır. Bütün bu şəkillər iki formada təqdim olunur: ağ-qara qrafit və rəngli. Eyni zamanda hər şəklin altında rayonun adı, kəndin və nədən bəhs olunduğu haqda məlumat verilir. Bu isə böyüməkdə olan gənc nəsldə işğal altında olan Qarabağ və onun ətrafında olan rayonlarımız haqqında ətraflı təsəvvür yaradır. Onları bu torpaqlara sahib çıxmağa səsləyir. Həmin şəkillər uşaqlar tərəfindən rənglənməklə, onlar haqqında əlavə məlumatların valideyinlər vasitəsilə də alınması layihənin əsas hədəflərindən biridir.
Təqdim olunan kitab Azərbaycanda uşaq nəşrləri sırasında məzmununa və əhəmiyyətinə görə ilk çap məhsuludur.