18 Sentyabr 2016-cı ildə İsmayıllı şəhərində Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Bədii ədəbiyyat mənəvi kimliyimizdir” layihəsinin birinci təlimi baş tutmuşdur.
İlk öncə qeyd edək ki, layihənin əsas məqsədi son dövrlər texnologiyanın sürətlə inkişaf etməsi ilə bağlı olaraq kitablara azalmış marağın yenidən artrılmasıdır. Layihə bu istiqamətdə maarifləndirmə işi aparır.
Treyninqdə 30-dan çox məktəbli iştirak etmiş, təlimçi Rəfail Əliyev isə çıxış etmişdir. Təlimçi Rəfail Əliyev təlimi maksimal dərəcədə interaktiv şəkildə aparmağa çalışmış və təlim bir növ qarşılıqlı diskussiya şəklində keçirilmişdir. Təlim zamanı kitabların bizə, bizim həyatımıza qatdığı dəyərlər, üstünlüklər barədə müzakirə aparılmışdır. Təlim boyunca kitab oxumağın bizim beynimizdə yaratdığı müsbət bioloji dəyişiklər, düşünmə qabiliyyətimizi yüksəltməsi, mütaliə etməyin söz ehtiyyatımıza zənginlik qazandırması və bunun nəticəsində də öz nitqimizi təkmilləşdirməyi, fikrimizi daha dolğun və səlis ifadə etmək və digər faydalı tərəfləri barədə gənclər maarifləndirilmişdir.
Təlim müddətində gəncləri maraqlandıran suallar cavablandırılmış, treyninq iştirakçılarına tədbir ilə bağlı müxtəlif bukletlər və hədiyyələr paylanılmışdır.
Təlimin sonunda iştirakçılara sertifikatlar verilmişdir.