Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə 8-ci qrant müsabiqəsinin nəticəsinə əsasən, fərdi şəxs, Azərbaycan Milli Elmlər Akademiyası Hüseyn Cavidin Ev Muzeyinin baş mühafizi Fəridə Əliyevanın rəhbərliyi ilə “Məktəbli yeniyetmələr arasında Hüseyn Cavid yaradıcılığının təbliği” adlı layihənin icrasına başlanılmışdır. AMEA Hüseyn Cavidin Ev Muzeyində icra ediləcək layihənin məqsədi yeniyetmə və gənclər arasında dahi şair və böyük dramaturqumuz Hüseyn Cavidin zəngin ədəi-bədii irsinin təbliği, onların tarixi köklərimizə bağlı olaraq vətənpərvərlik ruhunda tərbiyələndirilməsi, milli-mənəvi və bədii təfəkkürlərinin zənginləşdirilməsindən ibarətdir. İstedadlı şair və dramaturq, milli romantizmin banisi Hüseyn Cavid öz zəngin bədii-fəlsəfi irsi ilə Azərbaycan ədəbiyyatı tarixində mühüm rol oynamış böyük şəxsiyyətdir. Dahi şairin əsərləri məktəbli yeniyetmələrin milli-mənəvi tərbiyəsində, ədəbiyyatımızın və Azərbaycançılıq məfkurəsinin təbliğində ədəbi-fəlsəfi mənbə kimi xüsusi aktuallıq kəsb edir. Hüseyn Cavid də xalqımızın yetirdiyi böyük söz sənətkarları və mütəfəkkirləri kimi, özündən əvvəlki mədəni-mənəvi xəzinəni mənimsəmiş və öz ölməz fikir və obrazları ilə daha da zənginləşdirmişdir. Məzh bu səbəbdən dahi Hüseyn Cavidin zəngin irsini yeniyetmə və gənclər arasında təbliğini məqsəd kimi qarşıya qoymuş layihənin reallaşdırılması Azərbaycan ədəbiyyatının təbliğinə böyük töhfə olacaqdır.
Cari ilin noyabr ayının 15-də yekunlaşması planlaşdırılan layihənin vəzifələrini Hüseyn Cavidin aforizmlərinin toplanması, sistemləşdirilməsi, ingilis dilinə tərcüməsi, nəşrə hazırlanması, çap edilməsi, məktəblərdə kitabın təqdimatının təşkili və məktəbli yeniyetmələr arasında paylanılması təşkil edir. Layihənin icrası zamanı aşağıdakı tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub:
– Hüseyn Cavidin yaradıcılığından seçilmiş aforizmlərin təhlil edilməsi, aydınlaşdırılması;
– Seçilmiş aforizmlərin sistemləşdirilməsi, sistemləşdirilmiş aforizmlərin ingilis dili üzrə mütəxəssis cəlb etməklə tərcüməsinin həyata keçirilməsi;
– Azərbaycan və ingilis dillərindən ibarət aforizmlərin toplandığı kitabın hazırlanması, çapı və paylanılması.
Layihə nəticəsi olaraq məktəbli yeniyetmələr Hüseyn Cavidin zəngin irsi ilə daha yaxından tanış olacaqlar. Habelə layihə çərçivəsində iştirak edən məktəblilərin bədii zövqünün formalaşmasına müsbət təsir göstərəcək.