“İstedadlarımızı tanıyaq” sərgisinin təşkili layihəsi bu ilin iyul ayından Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə həyata keçirilməyə başlayıb. Fərdi layihənin müəllifi Emin Pənəhovdur.
Bu ay təlimçilər formalaşmış qruplar ilə kurslar keçirdilər. Qrupa 20 nəfər daxil idi. Keçirilən təlimlərdə yeniyetmə və gənclərə müxtəlif əl işlərinin hazırlanma metodları nəzəri formada öyrədildi.
Sonra kurslar zamanı təlimlərdə əldə olunmuş bilikləri praktik olaraq həyata keçirmək üçün təlim iştirakçıları layihə çərçivəsində təşkili planlaşdırılan sərgiyə müxtəlif ölçülü və formalı əl işləri hazırlayacaqlar. Kurslar zamanı hazırlanmış əl işlərindən ibarət “İstedadlarımızı tanıyaq” sərgisi layihənin sonunda təşkil olunacaq. Sərgiyə dəvət edilən müxtəlif qonaqlara oradakı işlərin müəllifləri ilə tanış etmək, onların gələcək fəaliyyətlərinə dəstək olmağa yardım etmək nəzərdə tutulub.
Layihənin məqsədi sosial problemli, aztəminatlı ailələrdən olan, yaxud müxtəlif səbəblərdən təhsildən kənarda qalan yeniyetmə və gənclər arasında istedadların üzə çıxarılmasıdır. Layihənin vəzifələri qeyd edilən qruplar arasında istedadlıların seçilməsi, seçilən şəxslərin bacarıqlarının inkişaf etdirilməsinə istiqamətlənmiş təlimlərin və kursların təşkil edilməsi, təlimlər və kurslarda hazırlanan əl işlərindən ibarət sərginin təşkil edilməsidir.
Layihədən Bakıda olan yeniyetmə və gənclər, həmçinin sosial problemli, aztəminatlı ailələrdən olan, xüsusi qayğıya ehtiyacı olan, yaxud da, müxtəlif səbəblərdən təhsildən kənarda qalanlar faydalanacaqlar. Layihəyə seçim zamanı iştirakçıların layihəyə olan maraqları, ümumi görüş və ilkin sorğu nəticəsində əldə edilən nəticələrə görə çıxarılan qərara əsaslandı. Seçimdə gender balansı və yaş həddi nəzərə alındı.