Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun elan etdiyi VIII qrant müsabiqəsi çərçivəsində 2016-cı il Avropa Gənclər Paytaxtı elan olunan Gəncə şəhərində “Hər rəsm bir təbəssüm” layihəsi başa çatıb.
Layihənin məqsədi: Gənc tələbə rəssamların müxtəlif nağıl qəhrəmanlarına həsr olunmuş rəsmlərin Gəncə şəhərinin 4 saylı uşaq poliklinikasının divarlarında əks olunmasıdır.
Layihə rəhbəri Lalə Ələkbərova tərəfindən verilən məlumata əsasən 1,2 və 3 Sentyabr tarixlərində istedadlı gənc rəssamlar 4 saylı uşaq poliklinikasının divarlarında yağlı boya ilə rəngarəng rəsm əsərləri çəkərək, bacarıq və qabiliyyətlərini nümayiş etdiriblər. Seçim mərhələsində bəyənilən rəsm əsərləri uşaq poliklinikasının divarlarına al-əlvan boyalarla köçürülüb.
İndi 4 saylı uşaq poliklinikasına gələn balacalar ən çox sevdikləri cizgi filmlərinin və nağıl qəhrəmanlarının şəkilləri ilə qarşılaşırlar. Bu da onlarda xoş əhval-ruhiyyə yaratmaqla, balacaları bir anlığa nağıllar və əyləncələr aləminə aparır.
“Hər rəsm bir təbəssüm” layihəsinin yekununda könüllü rəssamlara sertifikat və hədiyyələr təqdim edilib.