10 sentyabr 2016-cı il tarixində İsmayıllı rayonu Heydər Əliyev Parkında Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə, İsmayıllı rayon Gənclər və İdman İdarəsi və Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının YUNESKO Mərkəzinin təşkilati dəstəyi ilə həyata keçirilən “Yaşıl Teatr” layihəsinin açılış tədbiri və ilk təlimi keçirilmişdir. Açılışda İsmayıllı Rayon İcra Hakimiyyətinin əməkdaşı Nəsimi Teymurov, Gənclər və İdman İdarəsinin rəisi Taleh Salehov və layihə rəhbəri Ramtiq Alızadə çıxış edərək iştirakçılara layihə haqqında məlumat vermiş və onlara layihə müddətində uğurlar arzulamışlar. İki hissədən ibarət olan ilk təlim sessiyasında iştirakçılara ətraf mühit və ekologiya ilə bağlı informativ məlumatlar verilmiş; səhnə texnikaları və sosial tamaşaların hazırlanması üçün lazımi bilgilər həm nəzəri, həm də praktiki formada tədris olunmuşdur. Təlimin sonunda iştirakçılar kiçik səhnələr hazırlayaraq təlim ərzində öyrəndiklərini sınaqdan keçirmişdir.
Qeyd edək ki, “Yaşıl Teatr” layihəsinin əsas məqsədi məktəblilər arasında maarifləndirmə işi aparmaq,ekoloji problemlərin həlli yollarını gənclərə çatdırmaq, ekologiyanın qorunmasında onların fəal iştirakını təmin etmək və eyni zamanda onları ekologiya sahəsində məlumat daşıyıcısı kimi formalaşdırmaqdan ibarətir. Layihə 13 sentyabra qədər davam edəcəkdir. Layihənin sonunda iştirakçılar sertifikatlar və hədiyyələrlə təltif olunacaqdır.