Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə “Yaşıl dünyamız – Sağlam gələcəyimiz” fərdi layihəsi həyata keçirilməyə başlayıb. Layihənin müəllifi Kunzala Həmidovadır. Layihənin məqsədi Abşeron rayonu Xırdalan şəhərində seçilmiş məktəblərdəki yuxarı sinif şagirdləri, həmçinin, o ərazidə yaşayan və məktəbi bitirmiş yeniyetmə və gənclər arasında ekoloji mövzuda maarifləndirmə ilə bağlı təlimlərin keçirilməsi, “Yaşıl dünyamız – Sağlam gələcəyimiz” devizi altında məlumatlandırma aksiyası ilə hədəf qrupu arasında zərərli vərdişlərin qarşısının alınmasına nail olmaqdır.
Sözügedən layihə 3 ay müddətində müxtəlif təhsil müəssisələrindəki şagirdlər arasında həyata keçiriləcək. Abşeron rayonu Xırdalan şəhəri ərazisində fəal gənclərdən ibarət qrupun formalaşdırılması üçün təlimdə iştirak edəcək dinləyicilərin müəyyən edilməsi, ekoloji mövzuda maarifləndirmə mövzusu üzrə nəzəri və praktiki təlimlərin keçirilməsi, təlimlərdə dinləyicilərin əldə etdikləri biliklər əsasında kütləvi aksiya üçün məlumatlandırma bukletlərinin hazırlanması və gənclərin iştirakı ilə məlumatlandırma aksiyasının təşkil edilməsi layihənin məqsədinə çatmaq üçün həyata keçiriləcək vəzifələrdir. Hər qrupda 25 nəfər olmaqla 2 qrup üçün ekoloji mövzuda maarifləndirmə və ekoloji vəziyyətin qorumnası mövzusu üzrə nəzəri və praktiki təlimlər keçiriləcək. Təlimlər zamanı ekoloji problem, onların fəsadları, dünyada və ölkəmizdə mövcud problemin həlli yolları barədə məlumatlar veriləcək. Dinləyicilərin təlimlərdə əldə etdikləri biliklər əsasında ekoloji mövzuda maarifləndirməni daha geniş kütlələrə verilməsi üçün kütləvi aksiyalar yolu ilə məlumatlandırma fəaliyyətinə hazırlıq prosesi olacaq. Orada gənclərin özlərinin fikirləşdiyi və təklif etdiyi foto, rəsm və mətn əsasında orijinal dizaynlı bukletlər hazırlanacaq. Layihənin son mərhələsində gənclərin iştirakı ilə məlumatlandırma aksiyası təşkil ediləcək. “Yaşıl dünyamız – Sağlam gələcəyimiz” adlı aksıyada təlim iştirakçıları Xırdalan şəhərində yaşayan yeniyetmə və gənclər arasında məlumatlandırma bukletləri yayacaqlar. Bukletlər təqdim edilən şəxslər arasında həmçinin gənc ailələrin valdeynləri olacaq. Onların da, böyüyən övladlarının düzgün və sağlam ətraf mühitdə tərbiyə edilməsi baxımından məlumatlandırılmaları faydalıdır. Məlumatlandırma bukletləri təhsil müəssisələrində, həmçinin küçə və parklarda yayılacaqdır.
Layihə bu ilin dekabr ayında başa çatacaq.