23 avqust tarixində Qusar şəhərində Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi və “Nurlu Sabah Uşaq – Gənclər Təşkilatı” İctimai Birliyinin təşkilatçılığı ilə “Dini radikalizmlə mübarizədə region gənclərinin rolunun artırılması” adlı layihənin mətbuat konfransı keçirilmişdir. Tədbirdə təşkilatın sədri Ramin Xudayev, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Quba bölgəsi üzrə şöbəsinin əməkdaşı Elnur Ağasiyev, Qusar Rayon İcra Hakimiyyətinin məsul işçisi Rixard Qədimov, KİV nümayəndələri, dindarlar və gənclər iştirak edirdilər.
Tədbiri giriş sözü ilə açan təşkilatın sədri Ramin Xudayev bildirdi ki, bu layihə Quba, Qusar və Xaçmaz rayonları olmaqla respublikanın şimal hissəsini əhatə edəcəkdir. Layihə Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə yardımı ilə ərsəyə gəlmişdir. Natiq çıxışında qeyd etdi ki, layihə müddətində artıq Quba rayonunda bir sıra tədbirlər həyata keçirilmişdir. Artıq Qusar rayonunda bu işə start verilmişdir. Bundan başqa sentyabr ayında Quba şəhərində təlim həyata keçiriləcəkdir ki, həmin təlimdə Qusar rayonundan da gənclər iştirak edəcəklər. Təlimin yekununda gənclərə sertifikat təqdim olunacaqdır ki, bu da həmin gənclərin yaşadıqları ərazilərdə layihənin davamı kimi təbliğat aparmalarına kömək edəcəkdir.
Daha sonra çıxış edən DQİDK-nin Quba bölgəsi üzrə şöbəsinin əməkdaşı Elnur Ağasiyev həyata keçirilən bu layihənin region gəncləri arasında müsbət təsirə malik olacağını bildirdi. O, qeyd etdi ki, belə layihələrin məhz gəncər arasında keçirilməsi zərurətin nəticəsidir.
Qusar Rayon İcra Hakimiyyətinin məsul işçisi Rixard Qədimov çıxışında regionda fəaliyyət göstərən və Qusar rayonunda da tez-tez tədbirlər həyata keçirən təşkilatın bu qəbil tədbirləri həyata keçirmələrini müsbət qarşıladığını və davamlı olmasını bildirdi.
Tədbirdə KİV nümayəndələrinin və digər iştirakçıların sualları cavablandırıldı.