Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə “Resurs” Gənclərin İnkişafı İctimai Birliyi “Gənclərin radikal dini təriqətlərə qoşulmasının qarşısının alınması” layihəsi çərçivəsində növbəti tədbirini Bakı şəhərinin Nizami rayonunda təşkil etdi. Nizami rayonunda fəaliyyət göstərən Namiq Həmzəyev adına 238 nömrəli məktəbdə keçirilən tədbirdə Nizami rayon İcra Hakimiyyəti başçısının müavini Gülnaz İsrafilova, ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Əli Axundov, şöbə müdirinin müavini – dini qurumlarla işin təşkilatçısı Bəhman Hüseynov, QHT nümayəndələri, media təmsilçiləri iştirak edirdilər.
Tədbiri giriş sözü ilə açan 238 nömrəli məktəbin direktoru İlqar Talıbov qonaqları və tədbir iştirakçılarını salamlayaraq, yeniyetmə və gənclərlə belə tədbirlərin keçirilməsinin zəruriliyini, indiki dövrdə bu layihənin keçirilməsinin əhəmiyyətini qeyd etdi. Sonra söz “Resurs” Gənclərin İnkişafı İctimai Birliyinin sədri Samir Mehdi-zadəyə verildi. Birlik sədri layihə haqqında iştiakçılara geniş məlumat verdi. O, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun rəhbərliyinə aktual mövzuda təqdim edilmiş təklifə müsbət cavab verdiklərinə görə təşəkkürünü bildirdi.
Daha sonra çıxış edən Nizami RİH başçısının müavini Gülnaz İsrafilova, şöbə müdiri Əli Axundov, şöbə müdirinin müavini – dini qurumlarla işin təşkilatçısı Bəhman Hüseynov yeniyetmə və gənclər arasında dini maarifləndirmə işlərinin aparılmasının vacibliyini vurğuladılar. Natiqlər yeniyetmə və gənclərə müraciət edərək bildirdilər ki, onlar elmə, təhsilə ciddi fikir verməli, hər sahədə məlumatlı olmalıdırlar ki, radikal dini təriqətlərin təmsilçilərinin yanlış təbliğatına aldanmasınlar. Dini radikalizmin, dini ekstremizmin hansı faciələrə gətirdiyi konkret faktlarla göstərildi.
Sonda iştirakçıları maraqlandıran suallara cavablar verildi.