“İstedadlarımızı tanıyaq” layihəsi bu ilin iyul ayının sonundan Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə həyata keçirilməyə başlayıb. Fərdi layihənin müəllifi Emin Pənəhovdur.
Layihənin məqsədi sosial problemli, aztəminatlı ailələrdən olan, yaxud müxtəlif səbəblərdən təhsildən kənarda qalan yeniyetmə və gənclər arasında istedadların üzə çıxarılmasıdır. Layihənin vəzifələri qeyd edilən qruplar arasında istedadlıların seçilməsi, seçilən şəxslərin bacarıqlarının inkişaf etdirilməsinə istiqamətlənmiş təlimlərin və kursların təşkil edilməsi, təlimlər və kurslarda hazırlanan əl işlərindən ibarət sərginin təşkil edilməsidir.
Layihədən Bakıda olan sosial problemli, aztəminatlı ailələrdən olan, xüsusi qayğıya ehtiyacı olan, yaxud da, müxtəlif səbəblərdən təhsildən kənarda qalan yeniyetmə və gənclər faydalanacaqlar. Yaş qrupu 14-17 yaşı əhatə edir. Layihəyə seçim zamanı iştirakçıların layihəyə olan maraqları, ümumi görüş və ilkin sorğu nəticəsində əldə edilən nəticələrə görə çıxarılan qərara əsaslanılacaq. Seçimdə gender balansı və yaş həddi nəzərə alınacaqdır. Təlimlərdə və daha sonra layihənin digər fəaliyyətlərində iştirak etmək üçün 20 nəfər seçiləcəkdir.
Sonra formalaşmış qrupda işləmək üçün layihəyə cəlb olunan mütəxəssislər təlimlərin və kursların keçirilməsi planını tərtib edəcəklər. Tərtib edilən sənədlərə əsasən formalaşan qrup üçün kurslar keçiriləcək. Təlimlərdə uşaqlara müxtəlif əl işlərinin hazırlanma metodları nəzəri formada öyrədiləcək. Kurslar zamanı isə təlimlərdə əldə olunmuş biliklər praktik olaraq həyata keçiriləcək, uşaqlar gələcəkdə layihə çərçivəsində təşkili planlaşdırılan sərgiyə müxtəlif ölçülü və formalı əl işləri hazırlayacaqlar. Kurslar zamanı hazırlanmış əl işlərindən ibarət “İstedadları tanıyaq” sərgisi layihənin sonunda təşkil olunacaq. Sərgiyə dəvət edilən müxtəlif qonaqlara oradakı işlərin müəllifləri ilə tanış etmək, onların gələcək fəaliyyətlərinə dəstək olmağa yardım etmək nəzərdə tutulub.
Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu tərəfindən dəstəklənən layihə 2016-cı ilin oktyabr ayında yekunlaşacaq.