“Dünya gəncliyin gözü ilə” foto sərgisi bu ilin iyul ayının sonundan Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilməyə başlayıb. Fərdi layihənin müəllifi Musa Əmrahovdur.
Layihənin məqsədi yeniyetmə və gənclərin yeni media (xüsusi ilə foto) texnologiyalarından istifadəsini artıqmaq və onların cəmiyyətə səmərəli inteqrasiyasına və foto işi vasitəsilə öz fikirlərini və sosial mesajlarını cəmiyyətə və ictimaiyyətə çatdırmağa kömək etməkdir.
Layihənin məqsədlərinə nail olmaq üçün, aşağıdakı vəzifələri yerinə yetirmək planlaşdırılır:
– Sosial şəbəkələr vasitəsi ilə yeniyetmə və gənclər arasından foto işi təlimlərinə qruplar formalaşdırmaq üçün elanların yayılması;
– Daxil olan müraciətlər əsasında foto təlimləri üçün qrupun formalaşması;
– Foto işi mövzusu üzrə nəzəri və praktiki təlimlərin keçirilməsi;
– Təlimlərdə iştirakçı yeniyetmə və gənclərin əldə etdikləri biliklər əsasında foto işlərinin hazırlanması;
– Yekun olaraq fotosərginin təşkil edilməsi.
Layihədən həssas təbəqədən olan uşaq və gənclər yararlanacaqlar. Yaş qrupu 14-18 yaşı əhatə edən gənclərin ümumi sayı 20 nəfərdən artıqdır. Onlar layihədən birbaşa yararlanan foto jurnalistika təlimlərinin dinləyiciləri olacaq. Layihəyə seçim zamanı iştirakçıların layihəyə olan maraqları, ümumi görüş və ilkin sorğu nəticəsində əldə edilən nəticələrə görə çıxarılan qərara əsaslanılacaq. Seçimdə gender balansı və yaş həddi nəzərə alınacaqdır. Dolayısı ilə layihədən faydalananların sayı 1000 nəfərdən çox olacaq.
Layihə bu ilin oktyabrın sonu başa çatacaq.