“Gənclərin Sosial Tərəfdaşlığı Mərkəzi” İctimai Birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirdiyi “Mən Bacaracam” layihəsinə yekun vurulub. Layihə çərçivəsində sonuncu təlim-seminar Saatlıdakı Heydər Əliyev Mərkəzində keçirilib.
20-dək yeniyetmə-gəncin iştirak etdiyi təlim-seminarı giriş sözü ilə açan GSTM İB-in icraçı direktoru Vüsal Əhmədov iştirakçıları salamlayıb, onlara təşkilat və onun həyata keçirdiyi layihələr haqqında məlumat verib.
Bildirib ki, GSTM İB həyata keçirdiyi hər bir tədbirdə yeniyetmə-gənclərin fərdi və sosial inkişafına çalışır, onların cəmiyyətin fəal üzvü olması üçün əlindən gələni edir: “Bu baxımdan bilavasitə iştirakçısı olduğunuz “Mən Bacaracam” layihəsi də məhz bu amala xidmət etdi. Düşünürəm ki, layihə çərçivəsində keçirilən bütün təlim-seminarlar qarşıdakı illərdə və fərdi inkişafda hər bir gəncə yardımçı olacaq”.
Layihənin eksperti Anar Həsənli “Mən Bacaracam” layihəsinin uğuru münasibətilə GSTM İB-in rəhbərliyini təbrik edib, onlara yeni və daha da maraqlı layihələrin icra olunmasını arzulayıb. Qeyd edib ki, layihə çərçivəsində baş tutan təlim-seminarlar özünün aktivliyi, maraqlılığı və rəngarəngliyi ilə seçilib.
Sonra V. Əhmədov sözü tanınmış təlimçi Sənan Nəcəfova verib. Sənan Nəcəfov da öz növbəsində hamını salamlayıb, sözügedən layihəni uğurla başa vurduğuna görə GSTM İB-ə təşəkkür edib.
Daha sonra təlim-seminar öz işinə başlayıb. S. Nəcəfov iştirakçılara “Kütlə qarşısında mükəmməl nitq”, “PR strategiya, özünütanıtma, özünütəbliğ”, “İctimaiyyətlə əlqələrin qurulması, mətbuatla iş”, “NLP teznikaları ilə mükəmməl ünsiyyətin qurulması”, “Vaxtın idarə olunması” və digər vacib mövzularla bağlı təlimlər keçib.
Yüksək peşəkarlıq, səmimi ab-hava şəraitində keçən təlim-seminar iştirakçıların böyük marağına səbəb olub. Onlar bu kimi tədbirlərin mütəmadi keçirilməsinin vacibliyini bildiriblər.
Təlim-seminarın sonunda iştirakçılara bukletlər paylanıb, xatirə şəkli çəkilib.
Bununla da GSTM İB-in Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə həyata keçirdiyi “Mən Bacaracam” layihəsinə yekun vurulub.