Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu (bundan sonra – “Fond”) gənclər təşkilatlarını 9-cu qrant müsabiqəsində iştirak etmək üçün “A” və “B” kateqoriyaları üzrə layihə təkliflərini təqdim etməyə dəvət edir.
Müsabiqənin məqsədi gənc nəslin fiziki, intellektual və mənəvi inkişafının təmin edilməsinə, ictimai fəallığının artırılmasına, innovativ ideyalarının və yaradıcı təşəbbüslərinin reallaşdırılmasına yönəlmiş layihələri dəstəkləməkdir.
Müsabiqənin prioritet istiqamətləri aşağıdakılardır:
“A” kateqoriyası üçün təklif olunan istiqamətlər:
– “Gəncə – 2016-cı ilin Avropa gənclər paytaxtı” kampaniyası çərçivəsində tədbirlər;
– sağlamlıq imkanı məhdud olan gənclərin yaradıcılıq qabiliyyətinin və təhsil imkanlarının artırılması;
– gənclərin peşə bacarıqlarının inkişaf etdirilməsi;
– kiçik biznes quruculuğunda və kənd təsərrüfatının inkişafında gənclərin rolunun artırılması;
– gənclərin iştirakı ilə intellektual müsabiqələrin, yarışların, festivalların olimpiadaların və s. keçirilməsi;
– regionlarda gənclərin maraq klublarının yaradılması və asudə vaxtlarının səmərəli təşkili;
– gənclərin turizm bələdçiliyi sahəsində bilik və bacarıqlarının artırılması;
– ətraf mühitin məişət tullantılarından təmizlənməsi, yaşıllıqların salınması və qorunması;
– gənclərin sağlamlığının qorunması, məişət gigiyenası və qida təhlükəsizliyi ilə bağlı biliklərinin artırılması;
– internat və uşaq evləri məzunlarının, eləcə də penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş yeniyetmə və gənclərin sosial adaptasiyasına dəstək;
– gənclərin intellektual inkişafına xidmət edən televiziya və radio proqramlarının hazırlanması.
“B” kateqoriyası üçün təklif olunan istiqamətlər:
– Ermənistan – Azərbaycan Dağlıq Qarabağ münaqişəsi və Xocalı soyqırımı haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması;
– “Gəncə – 2016-cı ilin Avropa gənclər paytaxtı” kampaniyası çərçivəsində tədbirlər.
Qayda və tələblər:
Müsabiqədə kimlər iştirak edə bilər?
– Müsabiqədə yalnız 2014-cü ilin sonunadək dövlət qeydiyyatına alınmış gənclər təşkilatları iştirak edə bilər.
– Gənclər təşkilatları müsabiqəyə “A” və “B” kateqoriyalarından yalnız biri üzrə 1 layihə təqdim edə bilər.
– Əvvəlki layihəsinin icrası başa çatmış, lakin 2016-cı il sentyabr ayının 9-dək təsviri və maliyyə hesabatlarını Fonda təqdim etməmiş resipiyentlərin müraciətlərinə baxılmayacaq.
Layihə təklifləri hansı sahələri əhatə etməlidir?
– Layihə təklifləri yalnız bu elanda göstərilmiş istiqamətlərdən birinə uyğun gəldiyi halda nəzərdən keçiriləcək.
– Siyasi, dini və ya xeyriyyə fəaliyyəti, xaricdə təhsil və gəlirin artırılmasını nəzərdə tutan layihələr maliyyələşdirilməyəcək.
Layihə təklifi necə tərtib olunmalıdır?
– Layihələr bu elanda göstərilmiş istiqamətlərə və tələblərə uyğun hazırlanmalıdır. Layihə təklifləri reallığı əks etdirməli, icrası gənclər təşkilatları tərəfindən mümkün olmalıdır.
– Layihə təklifinin maliyyələşdirilməsi üçün Fonddan istənilən məbləğ “A” kateqoriyası üzrə 15 000 (on beş min), “B” kateqoriyası üzrə 20 000 (iyirmi min) AZN-dən çox olmamalıdır.
– Müsabiqəyə təqdim olunmuş layihə təkliflərinin icra müddəti 3 aydan az, 12 aydan çox olmamalıdır.
– Layihələrin icrasına 2016-cı il oktyabr ayının 10-dan sonra başlanıla bilər.
Müsabiqənin müddəti:
– Layihə təklifləri 2016-cı il iyul ayının 25-dən başlayaraq təqdim edilə bilər.
Layihə təkliflərinin qəbulu üçün son tarix:
25 avqust 2016-cı il saat 18:00
– Layihə təklifləri “Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun qrant müsabiqələrində iştirak etmək üçün gənclər təşkilatlarının və fiziki şəxslərin qeydiyyata alınmasına dair Təlimat”a və “Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun qrant müsabiqəsinin keçirilməsi Qaydaları”na uyğun hazırlanmalıdır.
– Layihələr “Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fonduna daxil olan layihələrin qiymətləndirilməsi Meyarları”na uyğun dəyərləndiriləcək və maliyyələşdirilməsi barədə müvafiq qərar qəbul olunacaqdır.
– Müsabiqənin nəticələri Fondun rəsmi internet səhifəsində yerləşdiriləcəkdir.
Fondla əlaqə:
Ünvan: Bakı şəhəri, Zərifə Əliyeva küç., 93, 4-cü mərtəbə
Telefon: (+99412) 498 95 90
Faks: (+99412) 498 95 89
Email: [email protected]