“Vətəndaş Cəmiyyətinin İnkişafına Dəstək” Gənclər İctimai Birliyi Bakının Nərimanov rayonunda “Könüllü ol, nümunə göstər!” adlı ekoloji aksiya keçirib.
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə, Nərimanov rayon Gənclər və İdman İdarəsinin təşkilati dəstəyilə reallaşdırılan aksiyanın məqsədi gənclər və məktəblilər arasında könüllülüyün təşviq edilməsi, onların ətraf mühitə qayğı ruhunda tərbiyələndirilməsinə kömək etməkdir.
Aksiyanın açılış mərasimində layihənin rəhbəri Zahid Adıgözəlov bildirmişdir ki, “Könüllü fəaliyyət haqqında” Azərbaycan Respublikasının Qanunu könüllü fəaliyyətlə məşğul olmaq üçün kifayət qədər geniş imkanlar yaradır və hüquqlar müəyyənləşdirir. Bu baxımdan öz təcrübəsini, bilik və bacarığını, əhatə dairəsini genişləndirmək və gələcəyini qurmaq istəyən hər bir şəxsin özünü könüllü olaraq cəmiyyətdə hazırlaşdırması vacib məsələdir. Xüsusilə də heç bir ictimai proseslərə cəlb olunmayan, özünü cəmiyyətin sosial işlərində sınamaq təcrübəsi olmayan gənclərin könüllü olaraq formalaşması müsbət nəticə verər. O, gəncləri bu cür aksiyalarla könüllülük işinə həvəsləndirdiklərini qeyd etmişdir.
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondun məsul işçisi Mübariz Qədirov çıxış etmiş, gənclərin könüllü kimi bu cür aksiyalarda yaxından iştirak etdiklərini yüksək qiymətləndirmişdir. Qeyd etmişdir ki, Fond gənclərin könüllülük təşəbbüslərini hər zaman dəstəkləməkdə maraqlıdır. O, gənclərin ictimai əhəmiyyət kəsb edən məsələlərdə gənclərin bundan sonra da könüllü kimi fəallıq göstərməsinin əhəmiyyətini vurğulamışdır.
Nərimanov rayon Gənclər və İdman İdarəsinin Nəcəf Novruzov gənclərin hər zaman ətraf mühit məsələlərinə həssas yanaşdıqlarını diqqətə çatdırmışdır. Bildirmişdir ki, gənclər böyük həvəslə ekoloji aksiyalara qatılır, könüllü olaraq yaşıllıqların qoruyur, onların qayğısına qalırlar. Bunlar heç də təsadüf deyil. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə yaradılmış İDEA İctimai Birliyinin həyata keçirdiyi fəaliyyətlər bütün gənclər üçün örnəkdir.
Daha sonra yüzlərlə gəncin iştirak etdiyi aksiya öz işinə başlamışdir. Gənclər ağaclara qulluq etmiş, onları suvarmışlar.
Böyük həvəslə və könüllülük əsasında ekoloji aksiyaya qoşulmuş gənclər bu cür tədbirlərdə bundan sonra da yaxından iştirak edəcəklərini bildirmişlər.
Qeyd edək ki, Birlik tərəfindən təşkil olunan bu cür aksiyalar ölkənin bir çox şəhər və rayonlarında da təşkil olunacaq.