Gənclər üçün Təhsil Mərkəzi Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyələşdirdiyi “Region gənclərinin inkişafına dəstək” layihəsi çərçivəsində Avropa Gənclər Paytaxtı olan Gəncə şəhərində gənclərin ideya yarmarkasını keçirdi.
Sayca ikinci olan və böyük maraqla qarşılanan ideya yarmarkasının məqsədi region gənclərinin təşəbbüskarlığının artırılması və onların kiçik layihələrinin dəstəklənməsinə kömək etməkdir.
İdeya yarmarkasının giriş sözü ilə açan Gənclər üçün Təhsil Mərkəzinin Gəncə Regional Ofisinin rəhbəri Aygün Həsənzadə təşkil edilən tədbir barədə geniş məlumat vermiş, region gənclərinin təşəbbüslərinin dəstəklənməsi istiqamətində həyata keçirilən ardıcıl işlər barədə çıxış etmişdir. O, Avropa Gənclər Paytaxtı kimi əhəmiyyətli titulu qazanmış şəhərdə kifayət qədər təşəbbüskar gəncliyin olduğu diqqətə çatdırmış, onların dəstəklənməsi üçün dövlət və biznes qurumları ilə birgə proqramların işlənib hazırlanmasının əhəmiyyətini vurğulamışdır.
Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Müşfiq Cəfərov təşkil edilən ideya yarmarkasının əhəmiyyətini qeyd edərək, gənclərin təşəbbüskarlığının artırılması üçün həyata keçirilən bu cür tədbirlərin vacibliyini bildirmişdir.
Digər çıxış edən qonaqlar da Mərkəz tərəfindən həyata keçirilən ideya yarmarkalarının, o cümlədən “Region gənclərinin inkişafına dəstək” layihəsinin əhəmiyyətini diqqətə çatdırmışlar.
Daha sonra ideya yarmarkası öz işinə başlamış, iştirakçı gənclər təqdimatlar şəkilində öz ideyalarını dövlət qurumları, bələdiyyə, QHT və KİV-lərin, habelə ictimaiyyət nümayəndələrinin qarşısında təqdim etmişlər.
Yarmarkada Gəncə şəhəri ilə yanaşı, Şəmkir, Samux, Göygöl və Goranboy rayonlarından gənclər iştirak etmişlər.
Gənclərin kiçik biznes quruculuğu, məktəbli və tələbələrin asudə vaxtının səmərəli təşkili, informasiya kommunikasiya texnologiyalarının tətbiqi, tələbələrə dəstək, könüllülüyün inkişafı, peşə təhsilinin inkişafı, ekoloji aksiyaların keçirilməsi, turizmin inkişafı və s. istiqamətlər üzrə maraqlı ideyalar təqdim olunmuş, müstəqil qaydada formalaşdırılmış jüri tərəfindən 3 ən çox səs toplayan ideya yüksək qiymətləndirilmişdir.
A.Həsənzadə bildirilmişdir ki, qalib gələn 3 ideyanın reallaşmasına yaxından kömək göstəriləcəkdir.
Qeyd edək ki, ilk dəfə keçirilən bu yarmarkalar, yaxın günlərdə Quba və Ağcabədi rayonlarında da təşkil ediləcək.