2016-cı il iyulun 21-də Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun Müşahidə Şurasının 17-ci iclası keçirilmişdir. Toplantının gündəliyinə 9-cu qrant müsabiqəsinin elan edilməsi, Fondun 2016-cı ilin birinci yarısındakı fəaliyyəti haqqında hesabat, son 6 ayda beynəlxalq tədbirlərdə iştirak üçün verilmiş qrantlar, 8-ci qrant müsabiqəsi çərçivəsində Gəncə şəhərinin Avropa gənclər paytaxtı seçilməsi ilə əlaqədar dəstəklənmiş layihələrin icra vəziyyəti və s. məsələlər daxil edilmişdir.
Müşahidə Şurasının sədri, Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsi müdirinin müavini Tahir Süleymanov 2012-2016-cı illərdə Fond tərəfindən keçirilmiş 8 müsabiqə çərçivəsində gənclər təşkilatlarının və 16-29 yaşlı fiziki şəxslərin 3226 layihəsinin dəstəkləndiyini, onların həyata keçirilməsi üçün 17 milyon 500 min manatadək vəsaitin ayrıldığını bildirmişdir. Qeyd etmişdir ki, yalnız 8-ci qrant müsabiqəsində “A” kateqoriyası üzrə 144, “B” kateqoriyası üzrə 12, “C” kateqoriyası üzrə 737 layihə dəstəklənmiş, onların maliyyələşdirilməsi üçün 3 milyon 800 min manatdan artıq vəsait ayrılmışdır. T.Süleymanov yeni elan ediləcək müsabiqənin gənc nəslin fiziki, intellektual və mənəvi inkişafının təmin edilməsinə, ictimai fəallığının artırılmasına, innovativ ideyalarının və yaradıcı təşəbbüslərinin reallaşdırılmasına yönəldiyini qeyd edərək, müsabiqədə yalnız gənclər təşkilatlarının iştirak edə biləcəyini vurğulamışdır. İclasda aparılan müzakirələr nəticəsində “A” kateqoriyası (yerli layihələr) üzrə 11, “B” kateqoriyası (beynəlxalq layihələr) üzrə 2 istiqamət təsdiq edilmiş, layihələrin təqdim olunması üçün 1 ayadək müddət (25 iyul – 25 avqust 2016-cı il) müəyyənləşdirilmişdir. Müsabiqənin istiqamətləri sırasına “Gəncə – 2016-cı ilin Avropa gənclər paytaxtı” kampaniyası çərçivəsində tədbirlərin təşkili, sağlamlıq imkanı məhdud olan yeniyetmələrin yaradıcılıq qabiliyyətinin və təhsil imkanlarının inkişaf etdirilməsi, şagird və tələbələrin intellektual inkişafına xidmət edən televiziya və radio proqramlarının hazırlanması, gənclərin iştirakı ilə müsabiqələrin, yarışların, festivalların və olimpiadaların keçirilməsi, kiçik biznes quruculuğunda və kənd təsərrüfatının inkişafında onların rolunun artırılması, turizm bələdçiliyi sahəsində bilik və bacarıqlarının inkişaf etdirilməsi və s. mövzular salınmışdır.
Fondun icraçı direktoru Fərhad Hacıyev qurumun 2016-cı ilin birinci yarısında gördüyü işlər barədə məlumat vermişdir. Qeyd etmişdir ki, ötən 6 ay ərzində gənclər təşkilatları və 16-29 yaşlı fiziki şəxslər üçün 1 qrant müsabiqəsi təşkil olunmuş, ümumilikdə 893 layihə maliyyələşdirilmişdir. Dəstəklənmiş layihələr sırasında yeniyetmə və gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi, dini radikallıq və ekstremizmə qarşı maarifləndirici tədbirlərin təşkili, region gənclərinin ictimai fəallığının artırılması, ekoloji mühitin mühafizəsi və yaxşılaşdırılması, xüsusi qayğıya ehtiyacı olanların müdafiəsi, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi barədə həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, yerli gənclər təşkilatlarının beynəlxalq gənclər platformaları ilə əməkdaşlığının inkişaf etdirilməsi, gənclərin elmi fəaliyyətinin təşviq edilməsi, incəsənət sahələri üzrə müsabiqə və sərgilərin təşkili, istedadlı gənclərin ixtiralarının və innovativ ideyalarının dəstəklənməsi kimi istiqamətlər üstünlük təşkil etmişdir. 6 ay ərzində Fondun fəaliyyətinə maraq artmış, müraciət edənlərin sayı xeyli çoxalmışdır. F.Hacıyev hesabat dövründə Fond tərəfindən təşkil olunmuş tədbirlər, Bakıda keçirilmiş “Formula 1” yarışlarına könüllülərin cəlb olunmasında onun rolu və digər məsələlər haqqında da Müşahidə Şurasının üzvlərinə məlumat vermişdir.
2016-cı ilin yanvar-iyun aylarında Fond tərəfindən beynəlxalq tədbirlərdə iştirak üçün verilmiş qrantlar barədə qurumun Beynəlxalq əlaqələr və strateji planlaşdırma sektorunun müdiri Vüsalə Niftəliyeva məlumat vermişdir. Bildirmişdir ki, 6 ay ərzində beynəlxalq tədbirlərdə iştirak üçün müraciət edənlərin sayı 138, dəstəklənmiş səfərlərin sayı isə 57 olmuşdur. Hesabat dövründə maliyyələşdirilən səfərlər 31 ölkəni və 47 şəhəri əhatə etmiş, ümumilikdə isə Avropada 42, Asiyada 4, Şimali Amerikada 7, Cənubi Amerikada 3, Afrika qitəsində isə 1 beynəlxalq tədbirlərdə Azərbaycanın yaradıcı, istedadlı və ictimai fəal gənclərinin iştirakı təmin edilmişdir.
Daha sonra 8-ci qrant müsabiqəsi çərçivəsində Gəncə şəhərinin 2016-cı il Avropa gənclər paytaxtı seçilməsi ilə əlaqədar dəstəklənmiş layihələrin icra vəziyyəti barədə Fondun Layihələr və regionlarla iş sektorunun müdiri Orxan Ərəbov məlumat vermiş, bir sıra rəqəm və göstəriciləri Müşahidə Şurası üzvlərinin diqqətinə çatdırmışdır. Qeyd etmişdir ki, bu istiqamət üzrə ümumi məbləği 595.400 manat olan 93 layihə dəstəklənib. Həmin layihələrdən 28-i “A”, 6-sı “B”, 59-u “C” kateqoriyasına aiddir. Yerli layihələrdən 7-nin icrasının başa çatdığı, 20-nin hazırda icra olunduğu, 1-nin isə sentyabr ayında keçiriləcəyi vurğulanmışdır. Beynəlxalq layihələrdən 3-nün artıq reallaşdırıldığı, 3-nün qarşıdakı aylarda həyata keçiriləcəyi qeyd olunmuş, fərdi layihələrin isə sentyabr ayından etibarən başlayacağı bildirilmişdir.
İclasın gündəliyindəki məsələlər ətrafında müzakirələrdə Müşahidə Şurasının üzvləri iştirak etmişlər.