Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi, “ASAN Könüllüləri” təşkilatının və Neftçi PFK-nın birgə təşkilatçılığı ilə keçirilən “Yoldaşlıq Futbolu”nun final matçı baş tutub.
Finalda 1 saylı “ASAN xidmət” və Sumqayıt “ASAN xidmət” könüllüləri qarşılaşıb. Gərgin keçən qarşılaşmada 2-3 hesabıyla Sumqayıt “ASAN xidmət” könüllüləri qalib olub və “Yoldaşlıq Futbolu” turnirinin kubokunu qazanıblar.
Oyunun sonunda yarış iştirakçıları diplom və medallarla mükafatlandırıblar. Mükafatlandırma mərasimində iştirak edən “ASAN Könüllüləri” Təşkilatının sədri Bəxtiyar İslamov, “NEFTÇİ”nin əfsanəvi “7 NÖMRƏ”si Səmədağa Şıxlarov və Neftçinin oyunçusu Elşən Abdullayev iştirak edərək yarış iştirakçılarına uğurlar arzu edib, qalib komandanı təbrik ediblər.
Qeyd edək ki, ASAN könüllüsü Mahir Hətəmovun ideya müəllifi olduğu “Yoldaşlıq futbolu” layihəsinin əsas məqsədi gənclər arasında sağlam həyat tərzini aşılamaq, onların asudə vaxtının səmərəli keçməsində şərait yaratmaqdır. Layihə Bakı, Sumqayıt, Gəncə, Sabirabad, Bərdə gənclərini əhatə edib.