Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi və “Gələcəyə Körpü” Gənclər İctimai Birliyinin təşkilatçılığı ilə 08-13 İyul, 2016-cı il tarixlərində Gəncə şəhərində həyata keçirilən “Qafqaz regionunda könüllülük sahəsində Avropa təcrübəsi” adlı beynəlxalq layihə uğurla başa çatdı.
Layihə müddətində iştirakçılar Gəncə şəhərində fəaliyyət göstərən Gənclər Təşkilatları və Gənclər Mərkəzinə səfərlər etdi, onların fəaliyyətləri ilə tanış oldular. Sözügedən könüllülük mövzusunda qrup işləri, təqdimatlar və fikir mübadilələri aparıldı. Layihənin sonuncu iş günü bağlanış mərasimində Gənclər və İdman Nazirliyinin Gənclər təşkilatları ilə iş sektorunun müdiri Fuad Babayev və Gəncə şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Müşfiq Cəfərov iştirak etdilər.
Beynəlxalq layihə Avropa Birliyi, Şərqi Avropa və Qafqaz ölkələrindən olan gəncləri bir araya gətirməklə ölkəmizdə könüllülük mövzusunda Avropa təcrübəsinin öyrənilməsi ilə gənclərin könüllülük işlərinə daha geniş miqyasda təşviq edilməsi və könüllülük prinsipinin təkcə gənclər işində deyil, eyni zamanda digər dövlət və qeyri dövlət strukturlarında tətbiqindən bəhs olundu.
Layihənin məqsədi – Avropada “Könüllülük işi” sahəsində fəaliyyət göstərən gənclər təşkilatları və digər müəssilərin (KİV,dövlət qurumları və s.) könüllük sahəsində bu günə qədər əldə etdiyi təcrübənin Qafqaz regionunun gənclərinə aşılanması, əlavə olaraq “Gəncə 2016 Avropa Gənclər Paytaxtı” kompaniyası çərçivəsində könüllülük işinin beynəlxalq səviyyədə inkişaf etdirilməsi və kompaniyanın Avropalı gənclər arasında təbliğidir.
Təlimlərdə Azərbaycanla yanaşı Gürcüstan, Ukrayna, Moldova, İtaliya, Almaniya, İspaniya, Türkiyə, Latviya və Rumıniyanı təmsil edən 20 gənc iştirak etdi.