“Qadın və Gənc Ailələrin Sosial İnkişafı” İctimai Birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirdiyi “Gələcəyə inamla addımla!” layihəsinin icrası davam edir.
Layihənin əsas məqsədi internat və uşaq evləri məzunlarının, eləcə də penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş yeniyetmə və gənclərin cəmiyyətə sosial adaptasiyasına dəstək olmaqla, onları maarifləndirməkdən ibarətdir.
Layihə 3 ay müddətində Bakı şəhəri Xəzər rayonunda həyata keçirilir. Təlimlərdə müəssisələri tərk etmiş gənclərə öz sosial problemlərinin həlli üçün müvafiq orqanlara müraciət mexanizmləri və qanunvericilikdə nəzərdə tutulmuş müddəalar izah olunur. Həmçinin gənclərə peşə təhsili alma, iş axtarmaq, şəxsiyyəti təsdiq edən sənədlərin alınması, yaşayış yeri ilə təmin olunma, fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinin alınması, valideynlərindən onlara qalan miraslardan istifadə və digər zəruri həyat vərdişləri ilə bağlı məlumatlar verilir.
Layihə çərçivəsində internat məktəblərini, uşaq evlərini və cəzaçəkmə məntəqələrini tərk etmiş yeniyetmə və gənclərin ehtiyacları müəyyən edilir və onlarla keçiriləcək təlimlərə hazırlıq məqsədi ilə layihəninin icra olunacağı müəssisələrdə gənclər arasında sorğu keçiriləcəkdir.
“Qadın və Gənc Ailələrin Sosial İnkişafı” İctimai Birliyinin sədri Tünzalə Cavadova bildirmişdir ki, layihə çərçivəsində yerli dövlət, eləcə də vətəndaş cəmiyyəti ilə tərəfdaşlıq məqsədli müxtəlif görüşlərin keçirilməsi, əməkdaşlıq, bacarıq və iştirakçılıq sahəsində hesabat tərtib ediləcək. Sorğular zamanı internat məktəblərini, cəzaçəkmə məntəqələrini və uşaq evlərini tərk edən yeniyetmə və gənclərin problemləri ilə bağlı hazırlanmış təklifləri dövlət qurumlarına təqdim ediləcəkdir. Müəssisələri tərk edən gənclərin sosial problemlərinin həll olunması üçün dövlət orqanları və biznes qurumları ilə əməkdaşlıq ediləcəkdir.