Cari ilin ölkə başçısı tərəfindən “Multikulturalizm ili” elan olunmasını əsas tutaraq, gənclərə multikulturalizmin mahiyyətini izah etmək, Azərbaycanın dünyadakı nümunəvi tolerant ölkə simasını bir daha gənclərin diqqətinə çatdırmaq məqsədi ilə “Odlar Yurdu” Gənclər İctimai Birliyi tərəfindən “Gələcək vəd edən həqiqətlər: Gənclər və Multikulturalizm” layihəsının hazırlıq mərhələsi uğurla davam etdirilir. Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə icra olunacaq layihənin əsas vəzifələri multikulturalizmin Azərbaycan modelinin gənclər tərəfindən öyrənilməsi ilə yanaşı gəncləri bu mövzuda maarifləndirmək və dünyagörüşlərinin artmasına xidmət etməklə, onlara vətənpərvərlik, tolerantlıq, hümanizm, insansevərlik kimi dəyərli hisslərin aşılanmasıdır. Layihə cari ilin iyul ayında 2016-cı il Avropa Gənclər paytaxtı olan Gəncə şəhərində həyata keçiriləcəkdir. Ümumilikdə republikanın müxtəlif bölgələrində yaşayan 50 nəfər gənc layihədə iştirak edəcəkdir. Layihə rəhbəri Nigar Ələsgərova layihə ilə bağlı açıqlamasında bildirmişdir: “Hər bir tarixi inkişaf mərhələsində ictimai quruluşun formasından asılı olaraq mədəniyyət də, mənəviyyat da yeniləşir və dəyişir. Önəmli olan cəmiyyətdə bu dəyərlərin qorunması ilə yanaşı onun gələcək nəsillərə düzgün çatdırılması, onun öyrənilməsi və mahiyyətinə varılmasıdır. Bu gün istənilən sahədə Azərbaycan gerçəkliyinin gənclərə aşılanması, onlar tərəfindən öyrənilməsi gələcəyin təminatıdır. Odur ki, Azərbaycan xalqının zəngin multikultural keçmişinin öyrənilməsinə, onun mədəni müxtəlifliyinin qorunmasında atdığı addımların araşdırılmasına xidmət edən, əsas məqsədi gənclərə multikulturalizmin Azərbaycan modelinin mahiyyətini izah etmək və öyrətmək olan “Gələcək vəd edən həqiqətlər: Gənclər və Multikulturalizm” adlı layihə bu sahədə icra olunacaq uğurlu layihələrdən biri olacaqdır. Layihənin tərəfdaş qurumları Gəncə şəhər İcra Hakimiyyəti, Gəncə şəhər Gənclər və İdman Baş İdarəsi, “Gəncə-2016 Avropa Gənclər Paytaxtı” İctimai Birliyidir.