24 iyun 2016-cı il tarixində Seyid Cəfər Pişəvəri adına Respublika Humanitar Fənlər Gimnaziyasında Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi, “Gənclərin Dostluq Şəbəkəsi” İctimai Birliyinin təşkilatçılığı, Azərbaycan Teatr Xadimləri İttifaqı və Seyid Cəfər Pişəvəri adına Respublika Humanitar Fənlər Gimnaziyasının dəstəyi ilə keçirilən “Milli Dəyər” layihəsi çərçivəsində ikinci tamaşa oynanıldı.
İlk növbədə S.C.Pişəvəri adına Respublika Humanitar Fənlər Gimnaziyasının direktoru Xuraman Osmanova tamaşaçıları salamlayaraq, milli dəyərlərimizin qorunub saxlanması və tu tip layihələrin keçirilməsi üçün daim dəstək olduqlarını bildirdi.
Daha sonra “Gənclərin Dostluq Şəbəkəsi” İctimai Birliyinin sədri və layihənin rəhbəri İmaməddin Quliyev çıxış edərək iyun-avqust aylarını əhatə edən layihə çərçivəsində milli dəyərlərlə bağlı qısametrajlı filmin çəkildiyini, milli dəyərlərimizin təbliği istiqamətinə uyğun olaraq gənclərlə görüşlər aparılacağını və onların iştirakı ilə sərgi təşkil olunacağını bildirdi.
Tamaşanın ssenari müəllifi Orxan Muxtarlıdır və tamaşadakı rolları aktyor Vahid Orucoğlu və aktrisa Səbinə Məmmədova ifa edib.
Ümumilikdə layihənin keçirilməsində əsas məqsəd müasir texnoloji biliklərdən istifadə etməklə milli-mənəvi dəyərlərimizin qorunub saxlanılması və inkişaf etdirilməsi baxımından müstəqil respublikamızın mədəniyyət siyasətinin əsas vəzifələrindən biri kimi gəncləri təşviq etmək, onların milli vətənpərvərlik və vətənə sədaqət ruhunda tərbiyə olunması istiqamətində həyata keçirilən gənclər siyasətinə dəstək olmaq, yaradıcı gənclərin mədəniyyət və incəsənətə olan maraqlarını artırmaq və onların asudə vaxtlarının səmərəli təşkil edilməsi üçün zəruri şərait yaratmaqdan ibarətdir.