“Həmrəy” GMDİB Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun elan etdiyi VIII qrant müsabiqəsinə “Vətən üçün nə etməli?” adlı layihə təqdim etmiş və müsabiqənin qaliblərindən biri olmuşdur.
Layihənin İcra planının aktiv fazasına iki mərhələdə keçirilən tədbirlərin birincisi, cari ilin iyun ayının 7-də Balakən, 8-də Zaqatala, 9-da Qaxda, ikincisi, 13-də İsmayıllıda, 16-da Ağsuda və 17-də Şamaxıda təşkil olundu.
Ümumilikdə, 800-dən çox gəncin iştirak etdiyi Elmi-praktik konfranslara, Rayon İcra Hakimiyyətlərinin, Gənclər və İdman İdarələrinin rəsmiləri ilə yanaşı, ictimaiyyət nümayəndələri də qatılmışdır.
Layihənin rəhbəri Yəhya Babanlı bildirib ki, “Bu konfransların əsl vətəndaş mövqeyinin möhkəmlənməsinə xidmət etməklə gənclərin Vətən qarşısındakı borclarını elmi-praktik cəhətdən öyrənmələrinə töhfə verməyi nəzərdə tutulmuşdur. Hər bir gənc bilməlidir ki, öz vətənini, torpağını, dövlətini-müstəqil Azərbaycanı sevmək və qorumaq, öz ata-anasını, sevmək və öz ev-eşiyini qorumaq deməkdir. Şübhəsizdir ki, Vətən anlayışını dərk etmək, onu sevmək və qorumaq hər bir gəncin ən ümdə vəzifəsidir”.
Azərbaycanın ümummilli lideri Heydər Əliyevin təbirincə desək: “Vətənini müdafiə etməyə çalışan hər bir vətəndaş, hər bir gənc bizim üçün əziz, qiymətli və dəyərlidir”.
Layihə çərçivəsində gənclərin hərbi xidmətə münasibəti, hərbi çağırış məsələlərinə toxunmaq nəzərdə tutulur. Bütövlükdə hərbi-vətənpərvərlik tərbiyəsinin Vətən təəssübü, Vətən anlayışının aliliyi, hərbi anda sədaqət, Vətən müdafiəsinə hazırlıq, milli dövlət rəmzlərinə hörmət meyarı təşkil edir. Vətəndaşlıq hissi vətənpərvərliyin ən yüksək forması olub, fərdin dövlət qarşısında öz hüquq vəzifələrini başa düşməsidir. Vətəndaşlıq hissi olan şəxs öz ətrafında vətənin taleyi ilə bağlı baş verən hadisələrin fəal iştirakçısına çevrilməlidir. Müstəqil, suveren dövlət quruculuğu yolunda gənclərin üzərinə vətənpərvərlik və milli şüurun dərk edilməsi sahəsində böyük və məsuliyyətli vəzifələr düşür. Bu vəzifələri isə yalnız öz vətənini sevən, onun tərəqqisinə çalışan və azadlığı uğrunda canını qurban verməyə hazır olan gənclər yerinə yetirə bilər. Bu xüsusda, yuxarıda sadalanan amillərin gənclərin diqqət mərkəzində olması vacib hesab olunmalıdır. Eyni zamanda, gənclərə vətənin ərazi bütövlüyünün qorunması, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi barədə dövlətimizin apardığı sülhməramlı siyasətin incəliklərini çatdırmaqdan ibarətdir. Ermənistan-Aərbaycan Dağlıq Qarabağ münaqişəsinin törətdiyi sosial problemləri, iqdisadi çətinlikləri, obyektiv şəkildə izah etmək məqsədi ilə cari ilin aprel ayının 2-5 tarixlərində üç günlük müharibədə Azərbaycan xalqının ortaya qoyduğu haqlı mövqeyi və qətiyyəti, Azərbaycan Respublikası Prezidentinin nümayiş etdirdiyi açıq iradəni və əzmi gənclər arasında müzakirə olunmuşdur.
Təlimçi, Azərbaycan Dövlət İqtisad Universtetinin və Azərbaycan Respub-likasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının müəllimi, multi-kulturalizm üzrə mütəxəssis, s.ü.f.d. Telman Niftalıyev Konfransların I mərhələsində “Mültikulturalizm: Azərbaycanda həyat tərzi kimi”, II mərhələsində isə “Vətənim Azərbaycana xidmət: hər birimiz üçün ən başlıca məqsəd və vəzifədir” adlı təlimlər keçmişdir.
Tədbirdə gənclərə Azərbaycan naminə həmrəy olmaları və Vətənimizin inkişafı üçün malik olduqları potensialdan maksimum istifadə etmələri barədə tövsiyələr verilmişdir.
İnteraktiv şəkildə keçirilən tədbirlər gənclər tərəfindən maraqla və fəallıqla qarşılanıb.
Konfransın sonunda gəncləri maraqlandıran suallar cavablandırılmış və iştirakçılarına əyani vəsaitlər paylanılmışdır.
Sonda, iştirakçılara sertifikatların verilmiş və xatirə şəkli çəkdirilmişdir.