British Council Azərbaycan Rəssamlıq Akademiyası və Azərbaycan Xalça Muzeyi ilə birlikdə Şekspirin 450-ci ildönümü şərəfinə keçirilən “Azərbaycan Şekspir Xalçası” müsabiqəsini böyük qürurla elan edir. Müsabiqə Şekspirin şərəfinə, dahi dramaturqdan ilham almış xalça dizaynının hazırlanmasına həsr edilib.
“Azərbaycan Şekspir Xalçası” müsabiqəsi Azərbaycanın xalça sənəti sahəsində zəngin mədəni irsini və Şekspirin dünya ədəbiyyatında tutduğu yeri bir araya gətirir.
“Azərbaycan Şekspir Xalçası” dünyada bu tipli yeganə müsabiqədir. British Council Azərbaycanın direktoru Elizabet Uayt müsabiqənin başlaması münasibətilə qeyd edib: “Azərbaycanın qədim xalçaçılıq ənənələri vardır. Dünyanın ən qədim tarixə malik xalçası və ən böyük, tarixi baxımdan əhəmiyyətli və gözəl xalçalarından biri Cənubi Azərbaycandan olan Ərdəbil xalısıdır. O, Şekspirin dünyaya gəlməsindən 15 il öncə toxunmuş və hazırda Londonun Viktoriya və Albert Muzeyində nümayiş olunur. Axı Şekspirin ildönümünü Azərbaycanda qeyd etmək üçün yeni xalçanın hazırlanmasından gözəl nə ola bilər? Biz bu layihədə Rəssamlıq Akademiyası və Azərbaycan Xalça Muzeyi ilə əməkdaşlıq etməkdən qürur duyur və bütün yaradıcı insanları bu müsabiqəyə qoşulmağa və Şekspirin şərəfinə xalça dizaynı hazırlamağa dəvət edirik.”
Müsabiqə peşəkar dizaynerlər, uşaqlar və digərləri kateqoriyalarından ibarət olmaqda Azərbaycandan olan hər kəs üçün açıqdır. Dizaynlar onlayn formada təqdim edilir. Dizaynların texniki xalça dizaynı olmasına ehtiyac yoxdur, onlar boya və ya kompüter vasitəsilə hazırlana bilər. Ən yaxşı dizaynlar sərgidə nümayiş olunacaq və mükafat qazanmış dizaynlar əsasında xalçalar toxunacaq. Müsabiqənin qalibi Londona səyahət, Viktoriya və Albert muzeyinə və Şekspir Qlobus teatrına giriş biletləri qazanacaq.
Azərbaycan Şekspir Xalçası Şekspirin pyeslərindən olan səhnə və ya səhnələri təsvir edən, onun əsərlərinin motivlərini nümayiş etdirən, Azərbaycan ənənələrini əks etdirən, portret üslubunda hazırlanmış və hətta abstrakt dizayn elementləri daşıyan bir xalça ola bilər. Əsas olan xalçanın Şekspirdən, yaxud onun əsərlərindən ilham alması, Şekspirin adını və Azərbaycan xalça ənənələrini şərəfləndirməsidir.
Müsabiqə Azərbaycanın bütün vətəndaşları və sakinləri üçün açıqdır. Müsabiqə 31 iyul 2016-cı ildə sona çatır. Bütün dizaynlar onlayn formada təqdim ediləcək. Bu haqda əlavə məlumatı www.britishcouncil.az internet ünvanından almaq mümkündür.
Ətraflı məlumat və ya suallar üçün əlaqə saxlaya bilərsiniz:
Dilarə İbrahimova| incəsənət üzrə Menecer
British Council | Landmark III, 8-ci mərtəbə | Nizami küçəsi 90A | AZ1010 | Bakı | Azərbaycan|
T +994 12 497 1593 | F + 994 12 498 9236
[email protected]
www.britishcouncil.az