Hörmətli gənclər təşkilatları və fəal gənclər, əgər siz könüllük sahəsində fikir və təcrübə mübadiləsi aparmağa, yeni kəşflərə hazırsınızsa, Azərbaycan Könüllük Xidməti sizi Avropanın Gənclər Paytaxtı Gəncədə 11-14 İyul, 2016-cı il tarixlərində Yay Məktəbində iştirak etməyə dəvət edir. Təlimlər, bu sahənin peşəkarları ilə görüşlər, həmyaşıdlarınız və həmkarlarınızla xoş istirahətlə bərabər yeni təkliflər və təşəbbüslər ilə çıxış etmək sizə maraqlıdırsa, bu məktəb sizin üçündür.
Yay Məktəbi Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası tərəfindən həyata keçirilir. Yay Məktəbinin məqsədi ölkənin gənclər təşkilatlarının öncül könüllülərinin mübadiləsini təşkil etməklə onların bu sahədəki təcrübələrini, yanaşmalarını, könüllülüyün dəyərlərini bölüşmək, bu sahəyə verə biləcəkləri töhfələri üzə çıxarmaqdır.
İştirakçılar tərəfindən namizədliyin verilməsi və seçim prosesi:
1. Yay Məktəbinin Proqramı ilə tanış olmaq;
2. Elektron Ərizə Formasını şəxsən doldurmaq;
3. Seçim Komitəsi tərəfindən qiymətləndirmə və müsahibədə iştirak;
4. Şəxsiyyəti vəsiqəsinin və ya doğum haqqında şəhadətnamənin nüsxəsini təqdim etmək;
5.“Qarşılıqlı Anlaşma Memorandumu” ilə tanış olub, onu imzalamaq (təhlükəzislik və mühafizə məqsədləri ilə);
6. Namizədlliyin təsdiq edilməsi və təlimatlandırılmada iştirak.
Aşağıda göstərilən meyarlara cavab verən gənclərə üstünlük veriləcəkdir:
– 18-29 yaşında, Azərbaycan vətəndaşı olan gənc
– Gənclər təşkilatlarında azı 1 il könüllülük təcrübəsinə malik olan gənc
– Hazırda gənclər təşkilatının fəaliyyətində fəal iştirak edən gənc
– Azərbaycan dilində əla yazı, oxu, danışıq bacarığına malik olan gənc
– Qiymətləndirmə müraciət ardıcıllığı ilə aparılacaq və daha erkən müraciət edən şəxslərə üstünlük veriləcəkdir.
Məlumat üçün qeyd edək ki, Azərbaycanda ildən ilə keçirilən beynəlxalq səviyyəli tədbirlərin sayının artması və bununla bağlı geniş könüllü şəbəkəsinin olmasının vacibliyi, gənclərin asudə vaxtının səmərəli təşkili, gənclərin işsizlik probleminin aradan qaldırılması və karyera quruculuğuna dəstək verilməsi, eyni zamanda gənclər təşkilatlarına könüllülərin cəlb olunması və idarə edilməsi kimi məsələrdə görmək olar. Gənclərin və gənclər təşkilatlarının təşəbbüskarlığının və könüllülük hərəkatına marağının artması tələb yaradır ki, könüllülər, təşkilatlar, dövlət qurumları və digər qurumlar arasında körpü rolu oynayacaq mexanizm, metodologiya yaradılsın. Bunları nəzərə alaraq, ARGTMŞ tərəfindən Gənclər və İdman Nazirliyini dəstəyi ilə Azərbaycan Könüllülük Xidməti proqramının icrasına başlamışdır. Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası 2013-cü ildə Azərbaycan Könüllülük Xidməti Proqramını yaratmış və həmin ildən başlayaraq proqram çərçivəsində könüllülərin regional mübadiləsi, beynəlxalq və yerli təlimçilər tərəfindən təlim və seminarların həyata keçirilməsi kimi çoxsaylı layihələr icra etmiş, bu layihələrdən 200-ə yaxın gənc faydalanmışdır. AKX Proqramı Avropa Könüllük Xidməti Proqramının milli modeli kimi artıq 3 ildir ki, fəaliyyət göstərməkdədir. İlk layihəsi üzv gənclər təşkilatlarımızın nümayəndələrinin könüllülük mübadiləsi olan proqram 2014-cü ildə əhatəsini genişləndirərək Azərbaycanın 13 regionunun 15 Gənclər Evindən 35 könüllünün regionlararası mübadiləsini həyata keçirmişdir. Bunlardan əlavə 2015-ci ildə beynəlxalq və yerli təlimçilər tərəfindən Bakı və Gəncə şəhərlərində 100-ə yaxın gəncə Avropa Könüllülük Xidməti haqqında təlimlər ilə proqram öz işini davam etdirmişdir.
Qeydiyyatdan burada keçə bilərsiniz.
Son qeydiyyat tarixi: 30 İyun, 2016-cı il, saat 18:00
Məkan: Gəncə şəhəri, “Ramada Plaza-Gəncə” Mehmanxanası