Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyilə “İnnovasiyaya Doğru” Gənclərə Dəstək İctimai Birliyinin həyata keçirdiyi “Millət vəkili olsaydım…” adlı layihənin icrasına cəbhəyanı bölgə olan Ağdamdan başlanılıb. Layihənin məqsədi region gənclərinin ictimai fəallığının artırılması, gəncləri ictimai fəallıq göstərməyə motivə etmək, region gənlərinə ictimai fəaliyyət göstərmələri üçün ilk addımlarını atmağa imkan yaratmaq, gənclər və ictimai fəaliyyət haqda qüvvədə olan qanunlarla gənclərin tanışlığıdır.
Tədbiri giriş sözü ilə açan təşkilatın sədri Rəşad Cəfərov Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu, təşkilat, həmçinin dövlətin gənclər siyasəti və layihə haqqında geniş məlumat verdi. Daha sonra diskussiyaya çox fəallıqla qoşulan gənclər müxtəlif təkliflərlə çıxış etdilər. Millət vəkili olsaydılar Milli Məclis qarşısında hansı qanunların dəyişilməsini, yeni hansı qanunların qəbul olunmasını təklif edəcəklərini, seçicilərinin problemlərinin həlli üçün hansı addımları atacaqları kimi maraqlı fikirlər səsləndirdilər – lobbiçilik, müdafiə sənayesi, təhsil, turizm, səhiyyə və sair istiqamətlərdə. Sonda ən maraqlı təkliflərlə çıxış edən gənclər hədiyyələrlə mükafatlandırıldılar.
Qeyd edək ki, icrasına başlanılan “Millət vəkili olsaydım…” layihəsinin sonunda, tədbirlərdə gənclər tərəfindən səsləndirilən təkliflər həmin rayon üzrə Milli Məclisə seçilən deputata təqdim olunacaq.