Ağcəbədi rayonunda məcburi köçkün məktəblərində “Sosial İnkluziya” adlı layihə davam etməkdədir. “Sağlam Həyat Uğrunda” Gənclərin İctimai Birliyinin təşkilatçılığı ilə baş tutan layihə Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyələşdirdiyi eyniadlı layihə çərçivəsində reallaşdırılmışdır.
Bu layihə məcburi köçkün məktəblərində çalışan müəllimlərin peşəkar hazırlığını artırmaq, onların yeni təlim metodlarını mənimsəməsinə, şagirdlərin məktəb həyatında fəal iştirakına, məktəb-icma, məktəb-yerli icra orqanları arasında əlaqələrin inkişaf etdirilməsinə yardım göstərilməsi istiqamətində atılacaq addımdır. Sadalanan problemlər göstərir ki, məcburi köçkün məktəblərində sosial inklüziya (bərabər imkanların təminatı) modelinin tətbiqinə zəruriyyət vardır. Bu səylər nəticəsində məktəbdə yeni təlim mühiti yaranacaqdır ki, bu da ona gələcəkdə özünü inkişaf etdirməyə imkan verəcəkdir.
Məcburi köckün məktəblərində “Sosial İnkluziya” layihəsinin əsas məqsədi təhsil sistemində təcrid olunmuş statusa malik olan qaçqın məktəblərində pilot sosial inklyuziya modeli yaradılmasıdır. Bundan başqa şagirdlərin məktəb həyatında fəal iştirakının təmin edilməsinə yardım göstərmək və məktəb layihələri üzrə təcrübənin inkişafıdır. İlkin olaraq 6-10-cu sinif şagirdlərinin iştirakı ilə şagirdlərin məktəb həyatında roluna, hüquqlarına dair məlumat xarakteli 2 təlim keçirilir. Hər seminarda 20-25 nəfər iştirak edir.